Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxacaq. Rəqib köhnə tanış - “Linkoln Red İmps”dir. Ötən il adıçəkilən komanda ilə ÇL-nın I təsnifat mərhələsində qarşılaşan "atlılar" iki oyunun nəticəsində görə 6:1 hesabı ilə qalib gəlmişdi.

“Linkoln Red İmps”in uğurlarına nəzər salsaq, qeyd etmək olar ki, komanda 14-ü ardıcıl olmaqla 27 dəfə Cəbəllüttariq çempionu olub. Bu da rekord göstəricidir. 1976-cı ildə yaranan klub ev oyunlarını 5000 nəfərlik "Viktoriya" stadionunda keçirir. Heyətinin ümumi dəyəri 2.1 milyon avro olan komandanın heyətində Cəbəllüttariq millisində oynayan 7 futbolçu var. "Qırmızı cinlər"in ən bahalı oyunçusu hücumçu Tjay De Barrdır. "Transfermarkt" portalının dəyərləndirməsinə görə, onun qiyməti 175 min avrodur. Maraqlı məqam ondan ibarətdir ki, rəqibin heyətinin böyük əksəriyyətini ispan futbolçular təşkil edir. Belə ki, komandanın 12 üzvü prineylidir. Bundan başqa, baş məşqçi Xavi Munyoz da sözügedən ölkənin vətəndaşıdır.

Müqayisə üçün onu da qeyd edək ki, Azərbaycan təmsilçisinin ümumi dəyəri 16.48 milyon avrodur. Ən bahalı oyunçu isə 2 milyon avro dəyərində olan Juninyodur.

Beləliklə, kağız üzərində cütün favoriti "Qarabağ" sayılsa da, matç Ağdam təmsilçisi üçün çətin keçə bilər. Nəzərə almaq lazımdır ki, oyunun keçiriləcəyi "“Europa Point Stadium"un öt örtürü sünidir. Bu məqam ötən il də Qurban Qurbanovun kollektivi üçün çətinlik yaratmışdı. Azarkeşləri narahat edən digər məqam isə qapı xəttidir. Düzdür, Andrey Lunyovun gedişindən sonra Fabian Buntiç və Şahruddin Məhəmmədəliyev "atlılar"ın rənglərinə qoşuldu. Lakin xorvat qapıçının oyununa bələd deyilik. Şahruddinin isə vacib məqamlarda səhv etməsi azarkeşlər üçün narahatedici məqamdır. Elvin Cəfərquliyevin cəzalı, Musa Qurbanlının zədəli olması da fanatları düşündürməyə bilməz.