“Sabah bizim üçün asan olmayacaq”.
Offsideplus.az xəbər verir ki, bu sözlər “Kukesi”nin baş məşqçisi Armando Kunquya məxsusdu.
Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.
Oyundan öncə keçirilən mətbuat konfransında Kunqu bu sözləri deyib: “Qarşılaşmaya ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən idman növüdü. Sabah şansımızdan yararlanmağa çalışacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq”.
- Sabah penaltilər seriyasına ümid edəcəksiniz, yoxsa 90 dəqiqəyə məsələni həll etməyi düşünürsünüz?
- İstənilən hal baş verə bilər. Təbii ki, 90 dəqiqədə həll etmək istərdik. Ancaq istənilən vəziyyətə hazırlaşmışıq. Futbolda hər şey olur.
- Komandanın futbolçularının Bakıya hissə-hissə gəldiyi bildirilib. Bu nə dərəcədə doğrudu?
- Belə halın yaşanması xoş deyil. Bu, viza ilə bağlı idi. Kosovo vətəndaşını gətirə bilmədik. Ancaq futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəmirik. Çalışacağıq ilk oyundakı kimi çıxış edək və qələbə qazanaq.
- İki futbolçunuz Valon Ethemi və Rustem Xoca “Keşlə” ilə danışıq aparır. Bu barədə məlumatınız varmı?
- Xeyr, məlumatım yoxdu. Hazırda bu barədə də düşünmürəm. Rəsmi bir şey yoxdu. Bəlkə də, kimsə buna altdan cəhd edə bilər.
- Evdə müdafiəyə qapanaraq oynadınız. Cavab görüşündə də bu cür “Kukesi” görəcəyik?
- Burda jurnalistlərin sualları bizi daha çox təzyiq altına salır. Evdəki oyun zamanı belə suallar verilmirdi. Nəticə qazanmağa çalışırıq. Bizim üçün əsas nəticədi. 80 dəqiqə uğurlu çıxış edib, bir anlıq səhvlə hər şeyi məhv edə bilərsən. Biz səhv etməməyə çalışacağıq.
- Oyuna artıq 15 mindən çox bilet satılıb. Bu amil sizə əlavə çətinlik yaratmayacaq?
- Bizim üçün birinci hal deyil. Bundan daha çox azarkeş qarşısında oynamışıq. Oyunçularım peşəkardılar. Özüm də futbolçu olarkən dolu tribuna önündə oynamışam. Bizim üçün bir problem yoxdu.
- “Qarabağ”dan fərqli, siz ölkə çempionu deyilsiniz. Sabah uğursuzluq olarsa, səbəblərdən biri kimi bunu göstərmək olarmı?
- Son 6 ildə daim avtokuboklarda çıxış etmişik. Hörmətə layiq komandayıq. Çempionlar Liqasında “Qarabağ” kimi böyük klubla qarşılaşmaq böyük uğurdu. Burda bütün Albaniyanı təmsil edirik.(apasport.az)