“Çempionlar Liqasında mərhələ adlamaq əla oldu. “Valletta”nı keçmək asan deyildi. Çünki rəqib pis çıxış etmədi. Yolumuza davam etdiyimiz üçün xoşbəxtik”.

Offsideplus.az xəbər verir ki, bunu “Kukesi”nin müdafiəçisi Simon Rumbullaku deyib.

27 yaşlı futbolçu Albaniya mətbuatına açıqlamasında Çempionlar Liqasının II təsnifat mərhələsidə “Qarabağ”la matçlardakı şanslarını dəyərləndirib.

 Rumbullaku Azərbaycan çempionunu güclü komanda adlandırsa da, mərhələ adlamaq niyyətində olduqlarını söyləyib: “Düzünü demək lazımdısa, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq daha yaxşıdır. Onlar Avropanın tanınmış klublarındandır. Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. “Valletta” bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə ölkəmizdə keçiriləcək.(apasport.az)