UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq "Qarabağ" - "Viktoriya" matçının baş hakimi Slavko Vinçiç iki il öncə həbs olunub.
Offsideplus.az xəbər verir ki, FIFA referisi polis əməkdaşlarının narkotik və əxlaqsızlıq yuvasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Hadisə 2020-ci ildə Bosniya və Herseqovinada baş verib.
Əməliyyatı zamanı Vinçiçlə birlikdə 26 kişi, 9 qadın saxlanılıb, külli miqdarda kokain və silahlar müsadirə olunub.
Daha sonra Slavko Vinçiç sərbəst buraxılıb. Sloveniyalı hakim polislərə açıqlamasında iş görüşündən sonra gecə partisinə dəvət aldığını və qəbul etdiyini bildirib.
"İş yoldaşlarımla görüşdən sonra gecə partisinə dəvət aldıq. Polisin basqın etdi, onlara burdakı insanları tanımadığımı söylədim. Sonra polislər Sloveniyaya qayıtmağım üçün mənə icazə verdilər".
Sloveniya Hakimlər Assosiasiyasının rəhbəri Vlado Sayn bu barədə deyib: "Vinçiçin orda olması təsadüf idi. O, yanlış zamanda, yanlış yerdə olub. Lakin bu hadisə onun hakimlik karyerasına zərbə vura bilər".
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də start götürəcək.