"Neftçi" klubunun futbolçusu Namiq Ələsgərovun zədəsi ciddidir.
Offsideplus.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində səfərdə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Mütəxəssis 26 yaşlı futbolçunun burun sümüyünün sındığını və kəllə-beyin travması aldığını bildirərək, onun ən azı cavab matçını buraxacağını deyib:
"Xəbərlər çox üzücüdür. Həkimlərlə danışdıq, qospitala aparılıb. Burun, almacıq ən pisi isə kəllə-beyin nahiyəsində sınıqlar var. Bu qədər futbolçu qıtlığı yaşanan bir komandada Namiqin zədələnməsi bizə ağır zərbə oldu".
Qeyd edək ki, Ələsgərov ilk hissədə rəqib futbolçu Kamaranın onun üz nahiyəsinə ayaqla endirdiyi zərbədən sonra məcburi əvəzlənib.