2024-cü ildən sonra Çempionlar Liqasında (ÇL) çoxlu dəyişiklik ola bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin (ECA) İşçi Qrupunun sədr müavini, "Qarabağ"ın baş meneceri Asif Əsgorov məlumat verib.
ECA-nın İşçi Qrupunun son iclasının gündəliyindəki məsələlər barədə danışan A.Əsgərov bildirib ki, hazırda 2024 - 2027-ci illərdəki avrokubokların formatı müzakirə edilir.
"Qarabağ" rəsmisi əlavə edib ki, məsələ müzakirə edildiyi üçün Çempionlar Liqasının yeni formatı ilə bağlı detalları açıqlaya bilməz: "Bu il Konfrans Liqası start götürəcək. İndiyədək Avropa Liqasında çıxış etmiş bir çox komanda, elə də Azərbaycan təmsilçiləri orada çıxış edəcək. Amma 2021/2024 tskil üçün Çempionlar Liqasında dəyişiklik edilmədi. Üstünlük Avropa Liqasına və yeni yaradılmış Konfrans Liqasına verildi. 2024-cü ildən sonra ÇL-in formatının tam dəyişilməsi gündəmdədir. Oyunların sayının artırılması, qrupların ləğvi və bu kimi məsələlər müzakirə edilir. Qrupsuz bir sistem olsun, hazırda bunu müzakirə edirik, 2024-cü ildən sonra başqa bir sistem gözlənilir. Lakin məxvi saxlanılması məsləhət olduğu üçün çox açıqlama vermək istəmirəm və detallarını deyə bilmərəm. 2024-cü ildən sonra Çempionlar Liqasının formatında böyük dəyişikliklər gözlənilir. Yəni, Avropa klubları reytinqinə 4 kateqoriyaya bölünür. Birinci kateqoriyada reytinqi yüksək olan klublar yer alır. Bu, hər zaman belə olub, onlar çalışırlar ki, özləri olan və daha qapalı Çempionlar Liqasında iştirak etsinlər. 3-4-cü kateqoriyadakı ölkələr isə çalışırlar ki, komandaların sayı artsın və bunlar daha çox vəsiqə qazana bilsinlər".
"Qarabağ" rəsmisi "Yeni format Azərbaycan təmsilçilərinə nə kimi xeyir verə bilər" sualına belə cavab verib: "Mən 2017-ci ildən İşçi Qrupundayam, əvvəl 2021 - 2024-cü illəri müzakirə edirdik. Hazırda 2024 - 2027-ci illərin müzakirəsi ilkin mərhələdədir. Bizim kimi ölkələrin əsas tələbi və marağı maliyyənin klublara nə qədər ayrılacağı, təsnifat mərhələsində klubların nə qədər qazanacaqlarıdır. Qruplar qalacağı təqdirdə, neçə qrup olacaq və neçə komanda iştirak edəcək? Bu kimi suallar var. Bizim kimi ölkələrin əsas marağı maliyyədir. UEFA-nın turnirlər üçün ayıracağı maliyyə vəsaiti gündəmdədir. Bildiyiniz kimi, Avropa Liqasının gəlirləri özünü ödəmir. Çempionlar Liqasından ora vəsait ayrılır ki, bu da Avropa Liqasında iştirak edənlərə ödənilir. Bizim kimi klubların nümayəndələri Avropa futbolunda daha çox təmsil edilsə, daha yaxşı olar. ECA-nın İşçi Qrupunda bizim kimi klublar az təmsil edilir. Buna baxmayaraq, maraqlarımız digər klublarla kəsişir". (Report)