“Leyptsiq”in baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının yarımfinal matçında PSJ-ni təzyiq altında saxlayacaqlarını deyib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı baş məşqçi futbolçularına uzaq məsafədən ötürülən topa və rəqib oyunçuların sürətinə diqqət yetirməyi məsləhət görür.
Yulian Naqelsman bildirib ki, çərşənbə axşamı baş tutacaq yarımfinal matçında “Leyptsiq” komanda şəklində oynayaraq “Paris Sen-Jermen” klubunu təzyiq altında saxlayacaq.
“Birlikdə çalışmağımız çox vacibdir. Birinci və ən əsası uzaqdan vurulan zərbələrin qarşısını ala biləcəyimizdən əmin olmalıyıq. Onların hücum eləmək istədiyi müdafiə xəttimizdə bəzi boşluqlar var ki, bunları da necə doldurmaq lazım olduğunu artıq bilirik. Bundan əlavə, rəqib oyunçuları çox sürətlidir. Müəyyən anda onların qarşısını almaq mümkün deyil, hələ əgər o oyunçu 1 km/saatdan sürətli olan Kilian Mbappedirsə. Topa sahib olsaq, rəqib qapısı qarşısında təhlükəli anlar yaşada biləcəyimizə inanıram”, - deyə “Leyptsiq”in baş məşqçisi bildirib.
Qeyd edək ki, “Leyptsiq” - PSJ matçı avqustun 18-i saat 23:00-da başlayacaq.