Türkiyə çempionu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Bavariya” klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının 0:5 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Bu günə qədər oynadığımız matçlarda hər şeyi haqq edərək bu mərhələyə yüksəlmişdik. Bu gün isə haqq etdiyimiz oyun yox idi. 11 nəfərlə olarkən üstün olduğunu düşündüyün bir rəqibə qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Buna görə oyuna nəzarəti əldən verdik. İlk hissədə dirənməyə çalışdıq. Amma qolu vurandan sonra rəqib daha rahat oynamağa başladı. Bizim üçün çox pis nəticədi. Üzgünük. Burada daha gözəl futbol nümayiş etdirmək istəyirdik. Daha diqqətli olmalı idik. Hesabdan asılı olmayaraq, rəqiblə başa-baş mübarizə aparmaq istədik, amma olmadı. Ən çox buna üzülürük”.