Tokio-2020 Yay Olimpiadasında uğursuzluqla üzləşən Rüstəm Orucov açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli cüdoçu medal qazana bilməməsini püşkdə bəxtinin gətirməməsi ilə əlaqələndirib. Orucov hələ də özünə gələ bilmədiyini deyib: "Bildiyiniz kimi, medalsız qaldım. Medal qazanmağı hamıdan çox özüm istəyirdim. Püşkdə bəxtim gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Bütün gücümü həmin görüşdə itirdim. O qarşılaşmadan sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci yerdə bitirdim. Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm. Hələ ki, özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Buradan mənə dəstək olanların hamısına "çox sağ olun" demək istəyirəm".

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə cənubi koreyalı dünya çempionu An Çanqrimə uduzub.