Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov gələcək karyerası ilə bağlı son qərarını verib.

Offsideplus.az xəbər verir ki, yenidən döyüş meydanlarına qayıdacağı gözlənilən milyonların sevimlisi idmançı karyerasını başa vurduğunu açıqlayıb. Bundan sonra kiminsə hədəsi, kimlərinsə milyard avroluq təklifləri belə, rusiyalı idmançını fikrindən daşındırmayacaq.

Həbibin meneceri Əli Əbdül-Əziz müştərisinin qərarı ilə bağlı şəxsi "instaqram" səhifəsində bunları yazıb: "Qardaşım Həbibi heyrətamiz karyera münasibəti ilə təbrik edirəm. Sən dünyada milyardlarla insanı ilhamlandırdın, onların həyatını dəyişdin. 

Belə məqamda MMA-nın "xaç atası" Dana Uayta təşəkkür etmək istəyirəm. Bütün bunlar sənsiz mümkünsüz idi. Həbiblə Uayt arasında gördüyüm münasibət dünyadakı ən yaxşı münasibətdir. Heç vaxt döyüşçülər arasında belə münasibət olmayıb. Bir-birindən heç vaxt küsmədilər, mübahisələri olmadı. Bundan gözəl nə ola bilər!?

Qardaşımın idmandan getməsinə görə kədərlənirəm. Lakin qartal hər zaman göydə uçacaq. Planetin ən böyük döyüşçüsü, sənin davamçıların yetişir və yetişəcək"

Qeyd edək ki, Nurmaqomedov peşəkar karyerası ərzində 29 döyüşün hamısında qələbə qazanıb.