Böyük Britaniyanın paytaxtı Londonda keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin  ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Offsideplus.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev 1/16 final mərhələsində Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. Görüş 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb. Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.

Rauf Rəhimov (91 kq) isə Türkiyə təmsilçisi Mücahit İlyasla mübarizədən məğlub ayrılıb.

Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.