Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, oğlanlar arasında 50 kq çəki dərəcəsində həlledici matçda iki Azərbaycan təmsilçisi üz-üzə gəlib. Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finala adlayıblar. Görüşün nəticəsində Nihad Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihad ardıcıl olaraq ilk görüşündə Fransa, 1/8 finalda Macarıstan, ¼ finalda Monqolustan, yarımfinal görüşündə isə Qazaxıstan təmsilçisini məğlub edib. Məhəmməd isə ardıcıl olaraq ilk görüşündə bosniyalı, 1/8 finalda ermənistanlı, 1/4 finalda braziliyalı, yarımfinal görüşündə isə gürcüstanlı idmançıya qalib gəlib.

55 kq çəki dərəcəsində Mirxaliq İskəndərov 3-cü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana qalib gələrək çempionatın bürünc medalına sahib olub.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.