“Ötən il Avropa çempionatına hazırlaşanda boynumdan zədə aldım. Müayinə zamanı boynumda iki yırtıq aşkarlandı. Ona görə də qitə birinciliyində tam gücümlə iştirak edə bilmədim”.

Offsideplus.az-ın məlumatına görə, bunu karyerasını başa vuran sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Cəbrayıl Həsənov deyib.

Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunan Həsənov Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına açıqlamasında yeni işində uğur qazanmağa çalışacağını söyləyib: “Açığı, Tokio Olimpiya Oyunlarında çıxış etdikdən sonra karyeramı başa vurmağı planlaşdırırdım. Ancaq bu zədəyə görə məşqlərdə ağrılar qalmaqda idi. Ona görə də fikirləşdim ki, idmançı karyeramı başa vurum. İnşallah, bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm. Federasiyanın prezident əvəzi Namiq Əliyevə məni bu vəzifəyə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Məşqçi kimi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

Gənc mütəxəssis olimpiya çempionu olmasa da, qazandığı bürünc mükafatı ən böyük nailiyyət hesab edir: “Əlbəttə, hər idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır. Bu mənə nəsib olmasa da, olimpiya medalı qazana bilmişəm. Rio Olimpiadasındakı üçüncü yeri karyeramın ən böyük uğuru sayıram. Əslində Londonda da eyni nəticəyə imza ata bilərdim. Kubalı güləşçiylə görüşdə qələbə qazanmağa yaxın idim. Ancaq sona bir neçə saniyə qalmış səhv edərək məğlub oldum. Bu, ən məyus olduğum görüş oldu. Karyeram boyunca ən prinsipial rəqibim rusiyalı Aniuar Geduyev idi. Onunla müxtəlif yarışlarda qarşılaşmışıq”.

Cəbrayıl Həsənov ondan sonra yığmaya kapitanlıq edəcək Şərif Şərifova da uğurlar arzulayıb: “Şərif olimpiya, dünya və Avropa çempionumuzdur. Bu nəticəyə imza atan yeganə güləşçimizdir. İnşallah, kapitanlıq həm onun, həm komandamız üçün düşərli olar. İnanıram ki, komandamız Olimpiya Oyunlarında uğurlu çıxış edib, bayrağımızı yüksəldəcək".