"Trabzonspor" müdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, son Türkiyə çempionu bu məqsədlə "Mançester Yunayted"in mərkəz müdafiəçisi Aksel Tuanzebeni gündəminə alıb. Xəbərə görə, Abdullah Avcının baş məşqçisi olduğu klub ilk öncə Premyer Liqanın digər təmsilçisi "Lester"in danimarkalı oyunçusu Yannik Vesterqordu heyətinə cəlb etmək istəsə də, bu transferin yüksək maliyyə şərtlərinə görə geri addım atıb. Bütün diqqətini ingilis futbolçunun keçidinə yönəldib. Trabzon rəsmilərinin həm klub, həm müdafiəçi ilə görüşmək üçün İngiltərəyə getdiyi bildirilir. Komandanın çalışdırıcısı Abdullah Avcı da Tuanzebenin transferində maraqlıdır.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2016-cı ildən çıxış etdiyi Mançester təmsilçisinin əsas komandasında 37 oyun keçirib. O, geridə qalan mövsümü icarə əsasında əvvəl "Aston Villa", ardınca isə "Napoli"də başa vurub.