Türkiyənin "Fənərbağça" klubu baş məşqçi axtarışlarını davam etdirir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, qarşısına böyük hədəflər qoyan İstanbul təmsilçisi artıq bir neçə mütəxəssislə görüş də keçirib.
"Sarı larcivərtlilər"in sükanı arxasına keçməyə isə 4 əsas namizəd vardı. Həmin çalışdırıcılar Nenad Bjeliça, Erol Bulut, Manuel Pelleqrini və Zlatko Daliç idi. Lakin sözügedən mütəxəssislərlə razılıq əldə edilməyib.
Klubun prezidenti Ali Koçun verdiyi yeni açıqlama isə böyük səs-küyə səbəb olub. Belə ki, "Fənərbağça"nın boş qalmış baş məşqçi postuna təcrübəli Roberto Mançini gətirilə bilər. Hazırda İtaliya millisini çalışdıran və AVRO-2020-yə vəsiqəni təmin edən təcrübəli baş məşqçi mötəbər yarışın ardınca İstanbul klubuna gələcək. Artıq tərəflər arasında görüşün keçirildiyi və Mançininin Ali Koça transfer siyahısı təqdim etdiyi də bildirilir.
Ali Koç onun Türkiyə futbolunu yaxşı bildiyini və tez adaptasiya ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, 55 yaşlı italiyalı mütəxəssis 2013-2014-cü illərdə "Qalatasaray"ı çalışdırıb.