Millətlər Liqasının əvvəlki 4 oynunda məğlub olan Azərbaycan millisi növbəti matçını dünən Estoniyaya qarşı keçirib. Bu rəqiblə ilk qarşılaşmada uduzan (1:3) seçmənin Qəbələdəki oyunu qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Millinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayaraq təmsilçimizin dünənki çıxışı ilə bağlı fikirlərini öyrəndik.
Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Oyun kompakt müdafiə olunan Estoniya millisinə qarşı keçdi. İlk saniyələrdə diqqətsizlikdən qapımızda qol görə bilərdik. Bərabərlik etməyimizin səbəbi toplu şəkildə qol imkanları yarada bilməməyimiz idi. Üstün oyun keçirsək də, real şanslar imkanı yarada bilmədik. Bunun əsas səbəbi isə öndə hərəkətliliyin çatışmaması idi. Bu cür komandalara qarşı real 3-4 qol imkanı yaratmalısan ki, birindən yararlana biləsən. Elvinlə Ozan Kökçünün göstərdiyi oyun əla idi. Bunu Ramil Şeydayev haqqında demək olmaz. Bəlkə də məşqçinin meydana daxil etdiyi heyətə görə məhz Şeydayevin seçilməsi sual doğura bilərdi. Başqa bir oyunçunu onun yerinə sınamaq olardı. Birinci hissədən sonra əvəzləmək də mümkün idi. Birə-bir mübarizələrdə qalib gələ bilmədik. Mən görmədim ki, cinahdan keçərək təhlükə yaradaq. Yalnız ötürmələrin sayında biz üstünlük təşkil edirdik. Nə qədər topu gəzdirsək də, qol imkanı yoxdursa, bu, rəqib üçün sərfəli gedişat idi. Əslində, oyunçuların cəhdlərini və vuruşmalarını təqdirə layiq hesab etmək olar. Amma qol imkanları yaratmamaq sonda bizə üç xal qazandıra bilmədi".