Fernandu Santuş milliyə təyin olunanda sevinmişdim.
Düşünürdüm ki, Avropa çempionu olmuş məşqçidir. Komandanın uğurlu nəticələri olmasa da, nizam-intizam olacaq. Amma sən saydığını say, gör portuqaliyalı nələr edir.
Dünən Azərbaycan millisi Millətlər Liqasında 4-cü oyununu uduzdu. Düzdür, Slovakiya ilə matçın yarısını yaxşı mübarizə apardıq. Amma bu, məğlubiyyəti siğortalayacaq bəhanə deyil.
Bizim tərəflərdə maraqlı söz var: "şkaturlama!" Yəni, günahlarını və səhvlərini ört-basdır etmə! 4 oyundur ki, Santuş məğlubiyyətlərdən sonra millinin oyununu "şkaturlayır". İsveçlə matçdan sonra deyir ki, penalti vurulsaydı, hesab başqa cür ola bilərdi. Amma söyləmir ki, futbolçulara söz keçirə bilmirəm. Kapitanlıq sarğısı olan Emin penaltini özü yerinə yetirməli idi. Amma sözümə qulaq asmayaraq topu Ramilə verdi.
Dünən deyir ki, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Hər şey başqa cür ola bilərdi. Elə bil ki, Mahirin yerinə qırmızı vərəqəni mən almışam. Onsuz da Emreli normal oyun nümayiş etdirmirdi. Bir epizodda referi ona xəbərdarlıq etdi. Niyə həmin vaxt hücumçunu dəyişmədin? Oyunu izləyəndə yanımızda əyləşən həmkarlarıma dedim ki, hakim Mahiri bağışladı. Gərək Santuş onu əvəzləsin. Adi jurnalistin gördüyü bir şeyi Avropa çempionu niyə gec anlayır. Başa düşürəm, qocalıqdandır. Bəzi şeylər gec çatır. Amma belə şeylərin problem olmaması üçün AFFA sizə milyonlar xərcləyir.
Bir sözlə, Santuş ancaq bəhanələr axtarır. Danışanda da ancaq şərt bağlayıcısından istifadə edir. Elə bil ki, baş verən şeylər kənar təsirlərdən qaynaqlanıb. Ay qardaş, yuxarıda dediklərinin 2 səbəbi ola bilər: ya sən komandaya istədiklərini çatdıra bilmirsən, məşqçilik funksiyaların artıq işləmir, ya da futbolçuların potensialı yoxdur. Söhbəti niyə uzadırsan ki? Mus deyincə, Mustafa de. Bəhanə axtarmağa gərək yoxdur...