21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsində 2 oyun keçirdi.
Yığmamız səfərdə Lüksemburqa, Bakıda Serbiyaya eyni hesabla məğlub oldu - 0:2.
Samir Əliyev dünən keçirilən oyundan sonra çox məyus idi. Mətbuat konfransında jurnalistlərin sərt sualları ilə üzləşdi. Lakin mütəxəssis sakit və əhəmiyyətli açıqlamalar verdi. Çalışdırıcı problemin kökünün daha dərində olduğunu üstüörtülü də olsa dilə gətirdi:
“Gənclərə şans vermirlər. Futbolçular Premyer Liqada 90 dəqiqə oynasalar, yaxşı olar. Bizim vaxtımız az olur, 2-3 aydan bir yığışırıq. Futbolçular Premyer Liqada oynamayanda belə əziyyət çəkirik. Daha dərin problemlər var”.
Samir Əliyev çox əla məsələyə toxunub. 21 yaşadək futbolçularımız öz çempionatımızda belə əsas heyət üzvü deyillər. Təkcə Rüfət Abbasov "Şamaxı"da mütəmadi oynayır. Bəs, bu problemin səbəbkarı kimdir? Təbii ki, futbolçular. Millətlər Liqasında Slovakiya - Azərbaycan (2:0) matçından sonra "Oynaya bilmirlər" başlıqlı yazı yazmışdım. Düzdür, bu məqalə çoxunun xətrinə dəydi. Amma həqiqət acı olur. Həqiqətən də azərbaycanlı futbolçular ancaq elə Premyer Liqada normal oyun nümayiş etdirirlər. Avropada nəsə etməyi bacarmırlar. Bunu sadə yolla sübut edə bilərəm.
Hazırda ölkəmizi təkcə "Qarabağ" avrokuboklarda təmsil edir. Gəlin, "köhlən atlar"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarındakı "11-liy"inə nəzər yetirək. Əsas heyətə cəmi 2 yerli futbolçu düşə bilirdi: Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev. Bəzən Toral Bayramov da şans tapır. Digərləri isə legionerlərin kölgəsində qalırlar. Bu da sizə sübut. Elvinin, Bəhlulun, elə Toralın nə qədər səhvlərinə şahidlik etmişik?
İndi Samir Əliyev deyir ki, gənclərimiz Premyer Liqa matçlarında oynamırlar. Niyə? Günahkar kimdir? Premyer Liqa klublarının baş məşqçiləri? Əlbəttə, yox! Günahkar elə futbolçuların özləridir. Nəriman, Xəyal, Fərid, Emil, Abdulla, Mahir, Ağadadaş, Rüfətlər öz komandalarında Afrikadan, Avropanın aşağı səviyyəli ölkələrindən gələn futbolçuları üstələyə bilmirlər. Bizim çempionatda çıxış edən hər komandanın öz hədəfi var. Təbii ki, baş məşqçilər də əsas heyətə layiq olmayan futbolçuları oynatmayacaq.
Samir müəllim, siz də klubda çalışsaydınız, Azərbaycan futbolunun naminə bu addımı atmayacaqdınız. Çünki rəhbərlik sizdən nəticə tələb edəcəkdi. O zaman heyətə layiq olmayan gənclərin əvəzinə Kirili, Petrovu, Andreyi, Aleksi, Mamadunu oynadacaqdınız.
Samir bəy, çoxu sizi 21 yaşadək futbolçuların nəticələrinə görə qınayır. Məncə, günahkar siz deyilsiniz. Düşünürəm ki, komanda Serbiyaya qarşı yaxşı oyun sərgilədi. Amma futbolçuların potensialı aşağıdır. Nəriman penaltini vura bilmir, təkbətək epizodu qaçırır. Ağadadaş ötürmələrə gec qalır. Xəyal 1 metrdən qapıya düşə bilmir. Bu imkanları qaçıran komanda, təbii ki, məğlub olacaq. Yəni ki, canınızı sıxmayın. Onsuz da əsas millinin üzvləri kimi gənclərimiz də oynaya bilmirlər...