"Ayaks" klubu "Mançester Yunayted"in transfer etmək istədiyi yarımmüdafiəçi Antoninin qiymətini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi 22 yaşlı oyunçu üçün 100 milyon avro tələb edir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbəyə görə, Mançester təmsilçisi braziliyalı futbolçunu heyətinə qata bilməyəcəyi təqdirdə, PSV-nin yarımmüdafiəçisi Kodi Qakponu heyətinə cəlb etməyə çalışacaq.
Xatırladaq ki, Mançester təmsilçisi daha əvvəl Antoni üçün Niderland klubuna 80 milyon avroluq təklif göndərsə də, qarşı tərəf bundan imtina etmişdi. Bu səbəbdən danışıqlar bir müddət idi ki, dayanmışdı. "Qırmızı şeytanlar"ın futbolçu üçün "Ayaks"a yenidən təklif göndərməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Antoni 2020-ci ildə Braziliyanın "San Paulo" klubundan "Ayaks"a transfer olmuşdu. O, bu müddətdə bütün turnirlərdə 82 oyuna çıxıb, 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümdə isə 3 matçda meydanda olub, 2 qol vurub və 2 asisst edib.