Fransa çempionu, Fransa kubokunun sahibi, Çempionlar Liqasının son finalçısı, İngiltərə nəhənglərindən birinin baş məşqçisi...

Tomas Tuxel bu gün dünyadakı həmkarları arasında “10-luq”da yer alıb. Halbuki bu və bəlkə də bundan böyük uğurlara futbolçu kimi də imza ata bilərmiş. Lakin amansız zədə 24 yaşlı gəncin arzularının çin olmasına imkan verməyib.

Futbolun sirlərinə"Krumbax"da yiyələnib, “Auqsburq”da davam edən, sonradan “Ştutqart”a keçən Tuxel 190 sm-lik boyu ilə həmyaşıdlarından fərqlənirmiş. Elə bunun nəticəsində Almaniyanın aşağı yaş qruplarından ibarət millilərinə cəlb olunub. Lakin ikinci Bundesliqa təmsilçisi “Ştutqart”da möhkəmlənə bilməməsi növbəti dayanacaq kimi “Ulm”u seçməsinə səbəb olub.

Üçüncü Bundesliqa komandasında möhkəmlənmək onun üçün çətin olmayıb. Və qısa müddətdə baş məşqçinin sevimli futbolçularından birinə çevrilib. 1997-ci ildə dizindən aldığı ağır zədə Tomasa əziyyət versə də, məqsədi yaşıl meydanlara dönmək olub. Çox çalışıb, səbr edib, gözləyib. Həkimlər də tədricən məşqlərə başlaya biləcəyini bildirib. 1998-ci ildə ikitərəfli oyunda növbəti dəfə həmin dizindən zədələnməsi nəticəsində yıxılıb yerdə qalması Tuxelin futbolçu karyesına son qoyub.

15 yaşlı Tuxel "Krumbax"ın heyətində

tuxel2

Tuxel futboldan küsür, iyrənib. Nə televizorda futbola baxır, nə də yanında kimlərinsə futboldan danışmasına imkan verirmiş. Futboldan tamamilə uzaqlaşır.

Dolanmaq üçün futbolçu karyerasını başa vurduğu şəhərdə - Ulmdakı çörəkbişirmə sexlərinin birində işə düzəlib. Di gəl, gələcəyini unlu və xəmirli əllərlə görmədiyi üçün qısa müddətdən sonra ordan ayrılmağı qərara alıb. Tək işini yox, həm də ona uğursuzluq yaşadan Ulmu tərk edib.

Ştutqarta qayıdıb və burda biznes-menecment ixtisası üzrə təhsil almağa başlayıb. Günortalar dərslərini oxusa da, dolanmaq üçün axşamlar işləməliymiş. Və çox keçmədən özünə iş yeri tapıb: Hip-hop həvəskarlarının yığışdığı məşhur “RadioBar”da ofisiant.

Müxtəlif kitablar oxuyur, bara gələn tanınmış insanlarla əlaqələrini genişləndirirmiş. Ki, gələcəkdə bəlkə kimsə əlindən tutar, gözləmədiyi yerdən qapılar açılar üzünə. Və bu an...

21 yaşlı Tuxel "Ştutqart" formasında

tuxel

...”Ulm”da futbol oynayanda baş məşqçisi olmuş Ralf Ranqnik Tuxelin barda ofisiant işlədiyindən xəbər tutaraq onu U-15 komandasında məşqçi kimi çalışmağa dəvət edib. “Çelsi”nin hazırkı baş məşqçisi bir neçə dəfə Ranqnikin təklifini geri çevirib. Lakin sonda razılaşıb. Amma bir şərtlə: “Həm məşqçilik edəcəyəm, həm də barda masaları təmizləyib, müştərilərə pivə daşıyacağam”.

Düz 6 il aşağı yaş qruplarından ibarət komandaları çalışdırıb, yeniyetmələrə futbolun sirlərini öyrədib. Hətta bu illər ərzində bir neçə dəfə yenə futboldan uzaqlaşmaq istəyib. Atası Rudolf, onu yenidən futbola qaytaran məşqçisi Ralf Tuxeli fikrindən yayındırmağı bacarıb.

Dişlərini bir-birinə sıxaraq səbr etməyin nəticəsi “Auqsburq-2”, “Maynts”, “Borussiya”, PSJ və “Çelsi” olub.

20-22 yaşlarında futbol oynayan, 26-27 yaşlarında biznes təhsili alıb, müxtərilərin masasını təmizləyən həmin Tuxel bu gün dünya nəhənglərindən biri olan “Çelsi”nin baş məşqçisidir. İndi o qarşısına pivə bokalları qoyduğu müştərilərin üzünü xatırlamır, amma onu xatırlayırlar. Həm də çox yaxşı...