Avropa Liqasının qrup mərhələsində Qarabağ-la eyni qrupda mübarizə aparan Portuqaliya Sporting-i yayda İngiltərə Wolverhampton-una üz tutan əsas qapıçısı Ruy Patrisiunun kompensasiya məsələsində razılığa gəlib.
Offsideplus.az-ın Lissabon təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 18 milyon avro təşkil edir. Wolverhampton portuqaliyalı qolkiperin transferi məsələsini bağlı hesab edir və gələcəkdə bu məsələ ilə bağlı şərh vermək niyyətində deyil.
Yazda Sporting-də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Münaqişənin zirvəsi fanatlar qrupunun komandanın məşq bazasına hücumu olub. Nəticədə bir qrup oyunçu, o cümlədən, Patrisiu klubla müqaviləsini birtərəfli qaydada pozub və azad agent qismində digər komandalara keçib. Sonradan Portuqaliya təmsilçisinin FIFA-ya şikayətindən sonra yeni prezident Frederiko Varandaş gedən oyunçuların yeni klubları ilə danışıqlara başlayıb. Hazırda Qarabağ-da olan Simeon Slavçev də müqavilə üzrə "şirlər"ə məxsus olub.
Qeyd edək ki, Sporting sentyabrın 20-də Qarabağ-la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər. (report)