"Şamaxı" klubunun futbolçusu Rəhman Hacıyev dünən Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "evdə" "Neftçi"yə məğlub olduqları matçdan (1:2) sonra jurnalistlərə müsahibə verib.

- Oyunla bağlı nə deyə bilərsən?

- Şamaxıda ilk oyunumuz idi. Fərqli atmosfer vardı. İlk dəfə "Neftçi"də çıxış edəndə belə ab-havanın şahidi olmuşdum. Oyunu izləməyə gələn, dəstək olan bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Pis oynamadıq. İlk hissədə qalib gəlirdik, amma yekunda məğlub olduq. İstənilən halda, məğlubiyyət bizə pis təsir edir.

- Yenə "Neftçi"yə qol vurdun və qeyd etmədin...

- Bundan sonra da etməyəcəm. "Neftçi" mənim üçün çox doğmadır. 7 il bu klubda oynamışam, oranın çörəyini yemişəm. Hazırda müqavilə ilə "Neftçi"yə məxsusam. Bu, içdən gələn bir şeydir. Düzdür, hazırkı komandamın uğurları üçün həmişə əlimdən gələni edəcəm, ancaq bir daha deyim ki, "Neftçi"yə vuracağım qolları heç vaxt qeyd etməyəcəm.

- Müqavilə ilə "Neftçi"yə məxsus olsan da, belə görünür ki, bu kluba lazım deyilsən, ancaq komandaya böyük rəğbət bəsləyirsən. Belə çıxır ki, "Neftçi"dən özün getmisən...

- "Neftçi"dən başqa səbəblərə görə ayrıldım. Füzuli Məmmədovla (oxu: "Neftçi"nin sabiq baş məşqçisi) aramda çox böyük problem oldu və ona görə komandanın sıralarını tərk etdim. Yayda da özüm "Şamaxı"da qalmaq istədim. Səbəb isə daha 1 il oynamaq və milli komandaya dəvət almaq istəyim idi. 

- Samir Abasov mətbuat konfranslarının birində demişdi ki, Rəhmanın müqaviləsində bəzi problemlər var və bu səbəbdən onu geri qaytara bilmirik. Bununla bağlı nə deyə bilərsən?

- Qışda mənim geri qaytarılmağımla bağlı məsələ olmuşdu. Sadəcə, "Şamaxı" ilə 1 illik icarə müqaviləm olduğu üçün bu baş tutmadı. Yayda bu komandada qalıb-qalmayacağım bilinəcək.

- Müqavilə ilə "Neftçi"yə məxsussan, ancaq sanki doğma komandanla matçlarda xüsusi motivasiya ilə oynayırsan. Hətta stadionda olan azarkeşlərdən bir neçəsi dedi ki, "Rəhmanın ayağı elə "Neftçi" ilə oyunlarda açılır". Bu, həqiqətən belədir?

- Hər oyuna qələbə üçün çıxırıq, istəkli oluruq. Sırf "Neftçi"yə qarşı prinsipim olsun deyə bir söhbət yoxdur. Qismət deyək. Həmişə gəlib "Neftçi"nin "başında partlayır". Başqa klublarla oyunda da qol vururam. "Neftçi"yə qol vurmağım o anlama gəlmir ki, bu kollektivə qarşı prinsipim var.

- Rövnəq Abdullayev, Elxan Məmmədov, İsgəndər Cavadov... Bu oyunu futbolumuzun elitası da stadiondan izləyirdi. Səncə, bu, milli komandaya yolunu aça bilərmi? Sənin üçün xüsusi motivasiya oldumu?

- Əlbəttə, mənim üçün çox böyük motivasiya oldu. Millinin son toplanışında da baş məşqçi mənə dəvət göndərmədi. Elə bilirdim ki, çağırılacam, ancaq dəvət almadım. Bu da mənə pis təsir etdi. Çünki çəkdiyin əziyyətin bəhrəsini görməyəndə ruhdan düşürsən. Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Yenə də gözləyirəm, əlimdən gələn hər şeyi edəcəm.

Daşqın Əziz