Azərbaycana gələnə qədər Albaniya, Finlandiya, İsveçrə və Ukrayna kimi müxtəlif ölkələrdə top qovsa da, yalnız vətənindəki çempionluqlar və kuboklarla öyünürdü.

Çünki legioner həyatı yaşadığı komandaların heç biri ölkəsinin hegemonlarından hesab olunmur. Əslində, Azərbaycana gələndə seçdiyi komanda da heç də ən yaxşı deyildi. O dönəmdə “Qarabağ” “Neftçi”nin kölgəsində qalırdı. Lakin zamanın axarı ona və komanda yoldaşlarına mümkün, bir çox həmkarları üçün mümkünsüz görünən bir çox titulları qazandırdı. “Qarabağ”la 5 dəfə ölkə çempionu, 3 dəfə ölkə kubokunun sahibi, 4 dəfə Avroliqanın, 1 dəfə isə Çermpionlar Liqasının qrup mərhələsinin iştirakçısı olmaqla karyerası üçün ciddi addımlar atmış oldu. O həm də ölkəmizə gəlib-getmiş əcnəbilər arasında yeganə futbolçudu ki, Azərbaycan çempionatında çıxış edə-edə Avropa çempionatının final mərhələsinin həyəcanını yaşayıb.

Ansi Aqolli – alban müdafiəçi təkcə yuxarıda sadaladıqlarımızla yadda qalmamışdı. Əsas keyfiyyətlərindən biri, bəlkə də birincisi, “Qarabağ”a sadiq qalması, ölkəmizə, insanlarımıza və mədəniyyətimizə göstərdiyi hörmət idi. Heç birimizin ağlına gəlməzdi ki, 2010-un yayından ağdamlıların uğurları üçün tər tökən futbolçu, karyerasının qürub çağında başqa ölkəyə yollanmaq həvəsinə düşər. Butslarını Bakıda mıxdan asacağını, gələcəkdə fəaliyyətini “Qarabağ”da davam etdirəcəyini düşündüyümüz anda, ABŞ-dan gələn təklif Ansinin planlarını kəskin dərəcədə dəyişdi. Getməyi, okeanın o tayında olan ailəsinin yanında yaşamağı və oynamağı üstün tutdu. Hələ getməyib, yol üstündədi.

Bir neçə gün sonra “Qarabağ”dan ayrılacaq Aqolli “Futbol+”ə müsahibə verib. 

Offsideplus.az həmin müsahibəni təqdim edir:

“Fevralın 18-də konkret təklif irəli sürdülər”

– Şort, idman maykası, idman ayaqqabısı. Hələ də məşqlərdə iştirak edirsən?

– Bəli, komanda ilə hazırlaşıram. Daha bir neçə gün də məşq edəcəm.

– Bu, “Səbail”lə oyunda meydana çıxmaq ehtimalının mümkün olması deməkdi?

– Baş məşqçi şans versə, bu oyunda iştirak etmək istəyərəm. Hazıram və özümü kifayət qədər gümrah hiss edirəm. Mənim işim məşq etməkdi. Qərarı Qurban Qurbanov verəcək.

– “Zirə”ylə matçdan sonra azarkeşlərlə görüşməyini görəndə vidalaşdığını düşünmüşdük. Sonuncu oyun deyilmiş…

– Normalda, nəticədən asılı olmayaraq hər oyundan sonra azarkeşlərimizə tərəf gedirik. Bu dəfə də ənənəmizə sadiq qalıb bu cür etdik. Ola bilsin, cinahda yer aldığıma görə tribunaya tərəf tez getməyimi görənlər bu fikrə düşüblər.

– Azarkeşlərlə xüsusi vida görüşü planlaşdırmısan?

– Elə şeylər var ki, sırf məndən asılı deyil. Əlbəttə, fanatlarla görüşəcəm. Amma necə, nə vaxt, hansı şəkildə – bunu dəqiqləşdirməmişəm. Həm də futbolçu olaraq azarkeşlərə minnətdarlığımı “Qarabağ”ın formasını geydiyim 9 ildə verməyə çalışmışam. “Qarabağ”ın azarkeş qrupları, xüsusən də “İmarət”in üzvləri ilə əlaqəm var. Yəqin ki, bir şey fikirləşərik.

– Bakını nə vaxt tərk edəcəksən?

– Dəqiq bilmirəm. Gözləyirəm.

– Bilet almamısan?

– Hələ yox. Yaxın 1-2 gündə dəqiq biləcəm.

 – “Nyu-York Kosmos”dan təklifi nə vaxt aldın?

– Sən mənim həyatımı araşdırmağa gəlmisən, yoxsa müsahibəyə (qəhqəhə çəkib gülür)?

– Müsahibə götürürəmsə, oxucular üçün maraqlı ola biləcək detallara toxunmalıyam. “Salam, sağ ol”la olmur axı.

– (üzünü klubun mətbuat katibi Nurlan İbrahimova tutaraq) Vallahi (bizim dildə deyir), bunda nəsə var (gülür).

– Təklifin aldığın vaxtı söyləməkdə nə problem var?

– Təklif deyəndə ki… Buna xüsusi təklif də demək olmur. Çünki ciddi şərtlər altında anlaşmayacağıq.

– Təklif nə vaxt gəldi?

– Fevralın 18-də.

– O vaxta qədər aranızda danışıq olmamışdı?

– Söhbət edirdik, amma rəsmi heç nə yoxdu. Fevralın 18-də konkret təklif irəli sürdülər.

“Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa bu addımı ataram”

– Təklif alanda, bu haqda Qurban Qurbanova və ya klub rəhbərliyinə demək çətin olmadı?

– Çox çətin idi, çox. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa bu addımı ataram. Kimsə mənə desəydi ki, nə vaxtsa Qurban Qurbanova yaxınlaşıb, “mənə dəvət var, getməyimə icazə verərsiz” sualını verəcəm, həmin adama gülərdim. Çətinliklə də olsa, durumu başa saldım. Həyatdı, heç nə, heç kim əbədi deyil. Biz özümüz də bu dünyada müvəqqətiyik. Ailəm ordadı, bundan sonra onların yanında olmaq istəyirəm.

– Ailə dediyin təkcə xanımınla övladındı, yoxsa valideynlərin də?

– Atam bir neçə il əvvəl rəhmətə getdi, anam Albaniyadadı, bacım Tunisdə yaşayır. Hərəmiz bir yerə dağılışmışıq. ABŞ-da yalnız xanımım və övladım var. Bir də valideynləri.

– Qısa zamanda ABŞ-a vizanı necə aldın? İnsanlar bunun üçün aylarla, illərlə əziyyət çəkir, istəyinə çata bilmir.

– Nurlan, gördün, mən deyəndi. Bura müsahibəyə yox, başqa niyyətlə gəlib (gülüşürük). Mənim vizam yoxdu, “green card”la gedəcəm. Bir ildi varımdı.

– “Green card”ı lotereyada udmusan? Çünki başqa cür mümkün deyil.

– Məndə başqa cürdü, dediyiniz “green card”dan deyil. Həyat yoldaşım ABŞ vətəndaşıdı, üstəlik, birgə nigahdan övladımız var. Belədə mənim “green card” almağım asanlaşır.

– Sən dediyin dəvətnamədi…

– Yox, “green card”dı, ABŞ-da yaşamaq üçün verilən icazə.

– Xanımın albaniyalı olmalıydı axı.

– Albandı, amma ailəsi ilə 10 ildi Nyu-Yorkda yaşayır. Həm də ABŞ pasportları var. Düzdü, arada yanıma gəlib-gedib, Albaniyaya baş çəkib, başqa ölkələrdə olmuşuq.

– Açığı, dəvətin qəfil ortaya çıxmasına o qədər də inanmıram. Sanki çoxdan hazırlanan plan idi, sadəcə, “Qarabağ”la müqavilə müddətinin başa çatmasını gözləyirdin.

– Plan deməzdim. Sadəcə, gələcək arzularımdan biri kimi hərdən bu haqda düşünürdüm. Həm də ora turist kimi yollana bilməzdim. Hansısa iş olmalıydı ki, bu qərarı verim. “Nyu-York Kosmos”un təklifi yenidən futbolun içində olmağım baxımından əla şans oldu.

– Okeanın o tayındakı bir klubun Avropa futbol ailəsində o qədər tanınmayan ölkədə top qovan futbolçuya “elçi düşməsi” şübhəli gəldi mənə. Ansi Aqolli hara, “Nyu-York Kosmos” hara?

– Hər halda, bir çox futbolçular kimi mənim də agent dostlarım var. Keçidin alınmasında onlar mənə yadımçı oldular.

“Gəncəyə ilk səfərimi unutmayacam”

– “Qarabağ”ın heyətində 300-dən çox oyun, 5 çempionluq, 3 dəfə ölkə kubokunun qalibi, Avroliqa ilə Çempionlar Liqasının iştirakçısı… “Qarabağ”da hansı arzuna çatmadın?

– (düşünür) Xaraktercə elə insanam ki, keçmişdə olanları yada salıb təəssüflənmirəm. Əslində, “Qarabağ”da olduğum dönəmdə buna ehtiyac da duymadım. Çünki mümkün uğurların hamısına nail olmağı bacardıq. Amma bunlar bizə heç də asan başa gəlmədi. Hansı çətinliklərlə üzləşdiyimizi, nələrdən keçdiyimizi mən yaxşı bilirəm. 0-dan yox, bəlkə də mənfidən başladıq. Yıxıldıq, qalxdıq, yeridik, yenə yıxılıb qalxdıq və sonda büdrəmədən gəzməyi öyrəndik. Azərbaycan təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması isə ölkə futbol tarixinə qızıl hərflərlə yazılmalı olan hadisəydi.

– Oktyabrda 37 yaşın tamam olacaq. Daha neçə il top dalınca qaçmaq niyyətindəsən?

– “Qarabağ”da oynadığımı nəzərə alsaq, geri addım atdığımın fərqindəyəm. Amma məcburam, getməliyəm. Nə qədər oynayacağımı deyə bilmərəm. Fiziki durumumdan asılı olacaq. Bu il oynayım, duruma baxacam. Görsəm ki, motivasiyam yoxdu, bitirəcəm.

– Futbolçu karyeranı başa vurandan sonra nə edəcəksən?

– Özümü futboldan kənarda təsəvvür etmirəm. Çünki bacaracağım başqa iş yoxdu. Ona görə də, futbolda qalacam. Məşqçi, menecer, klub funksioneri – zaman və sınaqlar göstərər.

– Məşqçi ola bilərsən?

– Niyə olmasın?

– Təsəvvür et ki, 5-10 il sonra Azərbaycana gəlirsən… (sözümü kəsir)

 – Yox-yox, bu, 5-10 il sonra olmayacaq. İnşallah, qismət olsa, mayda gələcəm. “Qarabağ” çempion olsa, sevinci komanda yoldaşlarımla birgə yaşamaq istəyərəm. Təbii ki, ordakı təqvimə baxacam. İmkan olsa, mütləq gələcəm.

– Sualımı yarımçıq kəsdin. 5-10 il sonra Azərbaycana gəlsən, “Qarabağ”da özünü hansı vəzifədə görərsən?

– Bu haqda indi nəsə deməyim çətindi. Çünki 5-10 il sonra nə bacaracağımı, hansı işdə təcrübə toplayacağımı bilmirəm. Futbolda hər şey tez dəyişir. Əsas sağlam qalım, sonrasına baxarıq.

– “Qarabağ”da ilk rəsmi oyununu xatırlayırsan?

– Əlbəttə. Skopye “Metallurq”una qarşı Bakıdakı oyun. Hətta tarix də yadımdadı. Səhv etmirəmsə, iyunun 28-i, ya da 29-u idi.

– Bəlkə iyulun 1-i?

– Yox-yox, iyunun sonları idi. Bəlkə də iyunun 30-u (əslində oyun iyulun 1-də keçirilib).

– Bəs “Qarabağ”dakı ilk qolun?

– 2011-də “Turan”a vurmuşdum, “Bayıl Arena”da.

– O vaxt “Bayıl Arena” inşa olunmamışdı. Yaxşı fikirləş.

– Yadıma düşdü, “Banqa”nın qapısından keçirmişdim. Həmin qolu yaxşı xatırlayıram. Ötürmə etmək istəyirdim, qol olmuşdu.

– “Qarabağ”da yaxşı mənada heç vaxt unutmayacağın xüsusi oyun var?

– Belə oyunların sayı çoxdu. Amma seçim etməli olsam, “Neftçi”ylə kubokun finalındakı qarşılaşmanı deyərdim. Əsas vaxt 0:0 başa çatmışdı, uzatma dəqiqələri də başa çatmaq üzrəydi. Miçelin son saniyələrdə başla vurduğu top qapıdan keçdi və biz kuboku qazandıq. Halbuki iş penaltilərə qədər uzansaydı, kim bilir nələr olacaqdı. Çox həyəcanlı oyun olmuşdu.

– Bəs pis mənada unutmayacağın?

– Heç yadımdan çıxmaz. 2012-ci ildə səfərdə “Xəzər Lənkəran”la qarşılaşırdıq. Məğlubiyyət bizi avrokuboklardan edəcəkdi. 1:4 hesablı ağır məğlubiyyət aldıq və avrokuboklarda iştirak edə bilmədik. Hə, bir də Gəncəyə ilk səfərimi unutmayacam. Ukraynadan gəlmişdim, daha öncə Finlandiya, Albaniya və İçveçrədə oynamışdım. Düzdü, Albaniyada yararsız meydanlar görmüşdüm. Amma Gəncədəki qazon dəhşət idi. Karyeramda ilk dəfə o cür yararsız örtük gördüm.

“Ən çox da “Qarabağ”dakı ilk 3 ilimi və Qurban Qurbanovu xatırlayacam”

– Geridə qalan 9 ildə “Qarabağ”a görə hansısa təklifləri geri çevirmisən?

– Bu barədə danışmağım doğru olmaz. Təbii, müəyyən dəvətlər olub. Amma ad çəkməyəcəm. Bura gəlmək qərarı verməyin özü də çox çətin idi mənim üçün. Ölkəni tanımırdım, klubla bağlı məlumatlarım yox idi. Ukrayna elitasında çıxış edirdim və “Krivbass”la daha 3 illik anlaşmam vardı. Biləndə ki, Admir Teli burda oynayır, dərhal onunla əlaqə saxladım. Telinin dediklərini eşidəndən sonra gəlməyə razılıq verdim. Deməyim odu ki, bu klubdan digərinə keçmək heç də asan olmur. Heç də hər zaman uğurlu olmursan. “Qarabağ”da özümü tapdım, futbolçu kimi yetişdim, uğurlar qazandım. Burda olduğum müddətdə atamı itirdim, nişanlandım, ailə qurdum, övladım dünyaya gəldi, yığmada möhkəmləndim, Avropa çempionatının final mərhələsində iştirak etdim. Həyatımdakı unudulmaz hadisələr “Qarabağ”da olduğum dönəmdə yaşandı. “Qarabağ” mənə ailə qədər doğmalaşdı.

– Azərbaycanda olduğun dönəmdə göz yaşlarına sahib çıxa bilmədiyin anlar olub?

– Olub, amma bunu aşkarda etməmişəm. Özümə qapılan insanam. Hər zaman içimdə ağlayırdım ki, görən olmasın. Amma bu, təkcə pis günlərlə bağlı deyildi. Yaxşı günlərə görə də sevinc göz yaşları axıtdığım vaxtlar olub.

– ABŞ-a uyğunlaşmaq heç də asan olmayacaq. Yad ölkə, yad mühit. Və əminəm ki tez-tez burdakı günləri xatırlayıb darıxacaqsan. Ən çox nə(lər) yadına düşəcək?

– (gözlərini bir nöqtəyə zilləyir) Futbolda 9 il az zaman deyil. Karyeramın 60-70 faizi deməkdi. Mən cism olaraq ABŞ-a gedirəm, ruhən Bakıda qalacam. Hər şeyi xatırlayacam, hər şeyi. Ən çox da “Qarabağ”dakı ilk 3 ilimi və Qurban Qurbanovu. Həmin illər ki, mənim üçün heç də asan deyildi və Qurban hoca mənə öz məsləhətlərini verirdi, yanımda olduğunu göstərirdi.

– Son olaraq, ölkəmizin futbol ailəsinə, sənə dəstək olan “Qarabağ”lı azarkeşlərə demək istədiklərin var?

– İlk növbədə Azərbaycan futbolunun, əsas da yığmanın uğur qazanmasını arzulayıram. Albaniya kimi 3 milyonluq ölkə üçün Avropa çempionatının final mərhələsinin nə olduğunu şəxsən gördüm. Allah o sevincdən sizə də qismət etsin. Azarkeşləri stadionlara səsləyirəm. Gəlsinlər, dəstək versinlər. Onlarsız futbolun mənası yoxdu. Və ən əsası, xalqınıza can sağlığı, əmin-amanlıq arzulayıram.