"Son 3 oyunda olduğu kimi qərb derbisində də "Kəpəz" çox zəif təsir bağışladı".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Yunis Hüseynov Misli Premyer Liqasının III turu çərçivəsində baş tutan "Kəpəz"-"Turan Tovuz" görüşü haqqında danışarkən bildirdi.
Mütəxəsis gəncəlilərin son illər adına yaraşmayan tərzdə çıxış etməsini qeyd etdi:
"Üç turun geridə qalmasına baxmayaraq "Kəpəz" rəqib qapıların bir qol belə vurmağı bacarmayıb. Ötən mövsüm Gəncə təmsilçisi Premyer Liqada qalmağı bacardı. Amma bu, o demək deyil ki, komanda həmişə elitada qalmaq uğrunda mübarizə aparmalıdır. Gəncə azarkeşləri hər zaman kluba dəstək olub və onlar baxımlı futbol izləməyə layiqdirlər. "Kəpəz" dəfələrlə çempion və kubokun sahibi olub. Əfsuslar olsun ki, son 2-3 ildə komanda ancaq əsas liqada qalmaq üçün oynayır".
Y. Hüseynov tovuzluların yeni baş məşqçisinin işini müsbət qiymətləndirdi:
"Turan Tovuz"a gəldikdə isə Qurban Berdiyev çox təcrübəli məşqçidir. Komandanın sükanı arxasına keçdikdən sonra Tovuz təmsilçisinin oynunda xeyli dəyişikliklər var. Heyətin böyük hissəsi əvvəlki futbolçulardır, ancaq ötən mövsümə baxdıqda oyunçuların da inkişafı nəzərə çarpır. Həddindən artıq displinli oyun nümayiş etdirirlər. Bunun nəticəsidir ki, üç oyundur məğlubiyyət görmürlər. Belə davam etsə, "Turan Tovuz" Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apara bilər. Komandaya mütləq yeni transferlər lazımdır. Klubda futbolçu qıtlığı olmasına baxmayaraq, Berdiyevin işi göz qabağındadır. Gəlişindən sonra "Turan Tovuz"da hər şey müsbət yönə doğru 180 dərəcə dəyişib".