Bantam çəki döyüşçüsü Umar Nurmaqomedov UFC Şanxay turnirinin əsas qarşılaşmasında Çin təmsilçisi Sonq Yadonqa qarşı qəfəsə çıxacaq. Hər iki idmançı son vaxtlar UFC-nin Şanxaydakı Performans İnstitutunda məşq etdiyindən bir-birinə yaxşı bələddir.

Offsideplus.az xəbər verir ki, Nurmaqomedov media günündə bu barədə danışıb: "Maraqlıdır, hər gün görüşürdük, amma birgə məşq etmirdik. Həmişə bizi ayrı saxlayırdılar. Onun öz vaxtı, mənim də öz vaxtım olurdu. Qəfəsi bağlayırdılar, məşqlərimizi bir-birimiz görmürdük. Amma hər gün rastlaşırdıq, heç bir gərginlik yox idi, sadəcə hörmət var idi. Düşünürəm, hər ikimiz döyüşə tam hazırıq."

Nurmaqomedov bu ilin yanvarında UFC 311-də Merab Dvalişviliyə qarşı titul döyüşündə məğlub olub. Bu, onun peşəkar karyerasında yeganə məğlubiyyətdir. Həmin vaxtdan bəri o, Mario Bautista və Deiveson Figueiredoya qarşı hakimlərin qərarı ilə qələbə qazanıb. Əgər Sonq Yadonqa qalib gəlsə, yenidən titul iddiasına yaxınlaşacağını düşünür.

"Başqa kim var? Fikrimcə, hər ikimiz iddiaçılar sırasında olacağıq. Həm də titul döyüşündə kimin qalib gələcəyindən çox şey asılıdır. Əgər Petr Yan qalib gəlsə, düşünürəm, O'Malli ilə revanş təşkil edəcəklər," – deyə Nurmaqomedov bildirib.

Qeyd edək ki, Petr Yan bu il Merab Dvalişvili ilə trilogiyanın üçüncü döyüşündə qarşılaşacaq. Keçmiş çempion Şon O'Malli isə bu il həm Yadonqa, həm də Aiemann Zahabiyə qalib gəlib.