Dünən Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni klubu məlum oldu. Zaqreb “Dinamo”sundan ayrılan 27 yaşlı futbolçu karyerasını “Nürnberq”də davam etdirəcək.

Forvard Bundesliqa 2 təmsilçisi ilə 1 illik müqavilə imzaladı.

Mahirin "Nürnberq"ə transferini dəyərləndirməsi üçün Emil Şükürova müraciət etdik. Tanınmış agent Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Mahirin ölkə xaricində uğurlu təmsilçimiz olmasını hər birimiz arzulayırıq. Çempionatımızda yetişib, daha sonra xaricə yollanan istənilən oyunçu tək özünü deyil, həm də ölkəmizi təmsil edir. Həmin futbolçuya diqqət artıqlaması ilə olur. 

"Nürnberq" tarixi ənənələrə malik olan klubdur. Əfsanəvi Miroslav Klozenin də baş məşqçi kimi ilk ciddi sınağı olacaq. Mahirə ən əsası zədəsiz mövsüm arzulayıram. Diaspor üzvlərimizi də ona dəstək olmağa çağırıram. Hər mövsümə ümidlə başlayırıq. Bundan sonra Bundesliqa 2-ni izləmək üçün daha bir səbəbimiz olacaq."