Dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran futbolçuların yeni siyahısı açıqlanıb.

Offsideplus.az  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IIFHS) saytına istinadən xəbər verir ki, ilk pillədə Qvatemala yığmasının sabiq hücumçusu Karlos Ruis qərarlaşıb.

42 yaşlı veteran oyunçu 2002-ci ildən 2018-ci ilədək keçən müddətdə 5 mundialın seçmə mərhələsində iştirak edib və 39 qol vurub.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo qollarının sayını 36-ya yüksəltməklə İran yığmasının Azərbaycan əsilli keçmiş hücumçusu Əli Daeiyə çatıb. 37 yaşlı ulduz oyunçu 2006, 2010, 2014, 2018 və 2022-ci ildəki dünya çempionatının təsnifat matçlarında adını tabloya yazdırıb. Daei isə 1994, 1998, 2002 və 2006-cı illərdəki mundiallardan öncə fərqlənməyi bacarıb.

 Polşalı forvard Robert Levandovski 4-cü (30), uruqvaylı hücumçu Luis Suares 5-ci (29), İran yığmasının digər üzvü Kərim Bagiri 6-cı və argentinalı ulduz Lionel Messi 7-ci (hər ikisi 28), yaponiyalı oyunçu Kazuyoşi Miura 8-ci (27),  ukraynalı Andrey Şevçenko 9-cu (26), honduraslı Karlos Pavon isə 10-cu (25) pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldo milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxaraq Əli Daeinin rekordunu qırmışdı.