Premyer Liqanın iki aparıcı komandasının baş məşqçiləri arasında gərginlik yaşanmaqdadır.

Hər şey "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun "Mançester Yunayted"in baç məşqçisi Ole-Qunnar Sulşerin "bostanına atdığı daşdan" başlayıb.

Offsideplus.az xəbər verir ki, hər şey alman mütəxəssisin "Sautqempton"a məğlubiyyətdən sonrakı mətbuat konfransında dediklərindən başlayıb. Klopp həmin görüşdə "Liverpul"un xeyrinə verilməyən penaltini xatırladaraq bunları deyib: "Eşitdiyimə görə, "Mançester Yunayted"in son 2 ildə xeyrinə verilən penalti sayı "Liverpul"un 5,5 ildə vurduğu penalti sayından çoxdur. Bu barədə ciddi düşünmək lazımdır".

Sulşer Kloppun atmacasına biganə qalmayıb. Norveçli mütəxəssis "Sky Sports"a açıqlamasında həmkarının cavabını verib: "Düzü, mən "Liverpul"un neçə dəfə haqlı penalti qazandığını saymamışam. Görünür, bəzilərinin başqa komandaların xeyrinə verilən penaltiləri saymaq üçün vaxtı çoxdur. Mən belə şeylərə vaxt itirmirəm, çünki vaxtım yoxdur.Yadımdadır, ötən mövsüm Frenk Lempard da hakimlərin ünvanına bu yolla mesaj göndərmişdi. Və bu üsul fayda vermişdi. Ölkə kubokunun yarımfinalında "Çelsi" ilə oyunumuzda hakim 100 faizlik penaltimizi "yemişdi". Belə başa düşürəm ki, hakimlərə təzyiq etmək üçün asan yol tapıblar. Mənim bildiyim bir şey var - rəqibin cərimə meydançasında futbolçularıma qarşı kobudluq varsa, bu, 11 metrlik cərimə zərbəsidir".

Qeyd edək ki, Yurgen Klopp "Liverpul"u çalışdırdığı 2015-ci ildən bu yana hakimlər mersisaydlıların xeyrinə 30 dəfə "nöqtə"ni göstəriblər. "Mançester Yunayted"lilər isə bu müddətdə 41 dəfə topa yaxınlaşıblar.