Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirəcəyimiz matçdan öncə Azərbaycan millisinin sabiq futbolçusu və hazırda "Keşlə" klubunda məşqçilik edən Kamal Quliyev Offsideplus.az-ın suallarını cavablandırıb.

- Bu gün milli komandamız Belqradda Serbiya ilə qarşılaşacaq. Bu matçdan gözləntiniz nədir?

- Hər matçda olduğu kimi qələbə gözləyirəm. Amma reallıq deyilən bir şey var. Bu gün biz deyə bilmərik ki, Serbiyanı öz meydanında məğlub edəcəyik. Çünki o milli komandada fiziki cəhətdən güclü, keyfiyyətli oyunçular var. Onların bir futbolçusunun qiymətinin bizim millimizin büdcəsi qədər olan yığmaya qarşı oynayacayıq. Nəticə son fitdə bilinəcək.

- Sizcə, De Byazi Albaniya ilə AVRO-2016-da etdiyi möcüzəni bizim milli komandada niyə bacarmadı?

- Bilirsiniz, hər bir futbolçunun və məşqçinin keçdiyi bir dövr var. O dövr də öz komandasını tapır. Bu da bir dövr idi. Bundan sonra De Byazi bir əsr də Albaniya millisi ilə işləsə, o nəticəni qazana bilməz.

- 11.06.2003: Bu tarix sizin yaddaşınızda silinməz iz buraxıb. Məhz Fərrux İsmayılovun 90+1-ci dəqiqədə vurduğu qol millimizə qələbə qazandırmışdı. O matçı necə xatırlayırsınız?

- O matç tarixdə qalacaq. Elə oyunlarımız az olurdu. Yadımdadır, hesabda geridə olarkən (0:1), sağ cinahdan cərimə meydançasına daxil oldum və orada məni rəqib oyunçu yıxdı. Hakim penalti verdi. Son dəqiqədə vurduğumuz qolla geridə olduğumuz oyunu (2:1) qazandıq. Bu, həqiqətən bir möcüzə idi. Bu, əsrlər boyu silinməyəcək bir tarix idi. İnanmıram ki, indiki milli belə bir geridönüş edə bilər. Serbiyadakı oyunda da 0:2 hesabıyla geridə olarkən, 2:2-yə çevirə bildik. Geriyə dönüb baxanda fəxr edirsən ki, Azərbaycan futbolu üçün nə isə etmişik.

- Düzdür, o vaxt Serbiya və Çernoqoriya adı ilə idi. İndiki Serbiya ilə o vaxtı Serbiya arasında nə fərqlər var?

- Güclü fərq deyə bilməzdim. Biz oynadığımız millinin də heyətində ulduz futbolçular var idi. İndiki millinin də heyətində ulduz futbolçular var. Amma mənim fikrimcə, o vaxtkı milli indiki yığmadan iki baş üstün idi. İndi mənim fikrimdir ki, dünyada cırlaşma gedir. Artıq elə istedadlar hazırda yoxdur.

- Sizcə, o vaxtkı, Serbiyanı udan milli ilə bu millinin arasında fərq nədir?

- Birlik, hörmət, mehribançılıq var idi. Heç kim bir-birinin paxıllığını çəkmirdi. Hamı bir-birinin uğuruna sevinirdi. Bir ailə, ağsaqqal, ən əsas da xarakter var idi. Uduzmağı istəməyən, bununla barışmayan bir milli var idi. Ən vacibi olan pul az idi. Amma az pulla özümüzü xoşbəxt hiss edirdik.

- Sonda axşamkı oyunla bağlı hesab təxminləriniz maraqlı olardı...

- Hesabı ürəyimdə saxlayıram. Onu deyə bilərəm ki, meydana çıxan komanda qələbə üçün oynayacaq. İnşallah ki, xeyirli nəticə olar.

Cavid Əliyev