Azərbaycanda futbol başqa aləmdir.

 
Hər an qəribə hisslər yaşa bilərsən. Cümə axşamı "Qarabağ"ın tarixi nailiyyətinə sevinirsən, cümə günü Qəbələdə yerli komandanın "Kəpəz"lə oyununu izləyirsən. Təbii ki, gözəl şəhərimizdə futbola baxmaqda pis nəsə yoxdur. Amma qarşılaşma ərzində baş verənlər adamın qanını qaraldırmaya bilməzdi.
 
Oyunun gərgin keçəcəyi hamıya bəlli idi. Çünki "Qəbələ" sonuncu yerdən qurtulmağa çalışır, "Kəpəz" əsas rəqibindən uzaqlaşmaq istəyir. Nəisə!
 
Futboldan danışmaq istəmirəm. Çünki Rəvan Həmzəzadə - Elçin Məsiyev cütlüyü oyunda hoqqa verdilər. Matçın 47-cı dəqiqəsidir. Hesab 1:1-dir. "Qırmızı qaralar" hücumdadırlar. Sol cinahda cərimə meydanına daxil olan Urfan Abbasov ötürmə edir və top Ehtiram Şahverdiyevin əlinə dəyir. Kosmosda dünyəvi əhəmiyyətli işlər görən kosmonavt belə gördü ki, orada penalti var, amma Rəvan Həmzəzadə görmədi. Yaxşı, şəkili referi epizodu dəqiq dəyərləndirməyə bilər. VAR-da oturan FIFA referisi Elçin Məsiyev hara baxırdı? Qabağında monitor var, ən azı 4-5 kamera ilə çəkilən görüntülər baxa bilirsən. Niyə penalti qərarı verməsi üçün Rəvanı VAR-a çağırmırsan? Axı sən FIFA referisisən!? Belə şeylər sənin üçün uşaq oyuncağı olmalıdır. Səni nə vadar edirdi penaltini verməməyə? İddia etmirəm ki, hansısa tapşırığı yerinə yetirirsiniz. Ya da "Kəpəz"i Premyer Liqada saxlamaqdan yana addımlar atırsınız. Bəs, vermədiyiniz penaltinin arxasında görünməyən hansısa əl var, ya yox? Bu, düşündürücü sualdır...
 
İLKİN SULTANLI