"Səbail" mövsümün əvvəlinə çox yaxşı başlamışdı.
Şahin Diniyevin komandası ardıcıl qələbələr qazanaraq yüksək pillələrdə qərarlaşmışdı. Klubda çalışanların nəticələrin təsirindən başı dumanlanmışdı. Hətta qış çempionluğunun xəyalını qururdular.
Amma təkcə Şahin Diniyev hər şeydən xəbərdar idi. Mütəxəssis mətbuat konfranslarında komandasının avrokuboklara oynamaq potensialında olmadığını bildirirdi. Amma kimsə və ya kimlərsə "Səbail"dəkiləri inandırmağa çalışırdı ki, hər şey əladır.
Lakin qış çempionluğunu hədəfləyən komandanın bu fəsil girəndən qələbəyə həsrət qalması taleyin ironiyasıdır. Bəli, "Səbail" dekabrın 23-dən bəri çempionat və kubokda 6 qarşılaşmada meydana çıxıb. Bu görüşlərin 5-də məğlub olub, 1-də heç-heçə edib. Bu məqam da "gəmiçilər"in batmağa doğru irəlilədiyini göstərən əsas sübutdur.
Niyə də olmasın?! Mövsümün əvvəlində digər komandaların toparlana bilməməsindən yararlanaraq yığılan xallar, "Qarabağ" üzərindəki təsadüfi qələbə rəhbərliyinin başını gicəlləndirdi. Onlar suyun altında gizlənən aysberqi görmədilər. Şahin Diniyev hər vəchlə vəziyyətin pis ola biləcəyini söyləməyə çalışsa da, bunu qulaq ardına vurdular. Fırtınadan öncəki səssizliyə aldanan klub idarəçiləri hər şeyin yaxşı olduğuna əvvəlcə özlərini, daha sonra sponsorlara inandırdılar. Lakin komandanın heyətində zədəlilərin çoxluğu, 6 oyunluq qələbəsizlik periodu "dənizçilər"in gəmisində çatın çoxdan əmələ gəlmiş olmasından xəbər verir.
İLKİN SULTANLI