Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" ötən gecə növbəti oyununa çıxıb.

 Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə İsveç "Hakken"i ilə qarşılaşıb. Matçdan öncə fikirlər haçalanmışdı. Düzdür, Qurban Qurbanovun komandası ilk turda doğma divarlar arasında Norveçin "Molde" klubunu (1:0), APL-nin 8-ci turu çərçivəsində isə "Sumqayıt"ı məğlub etsə də (5:0), bəziləri  "köhlən atlar"ın İsveçdən ölkəyə 1 xalla qayıdacağını zənn edirdi. Həm də təmsilçimizin heyətində ciddi itkilər (oxu: Marko Veşoviç və Bəhlul Mustafazadə zədə səbəbilə İsveçə aparılmayıb) vardı. Fəqət "Qarabağ" bu düşüncələrin üzərindən xətt çəkdi. 

Ağdamlılar oyuna çox dinamik başladı. İlk dəqiqələrdən rəqibi öz qapısına sıxışdıran "Qarabağ" təhlükəli zərbələrlə "çərçivəyə düşməyə" çalışdı. Bu matçda da, əsasən, təmsilçimiz hücumları sol cinahdan - Abdullah Zubirin olduğu mövqedən qururdu. Fransalı vinger adətinə uyğun olaraq fərdi reydləri ilə cinahdan cərimə meydançasına sızır, ötürmələr edirdi. Bir neçə epizodda mərkəz hissədən də "Hakken"in qapısı istiqamətində zərbələr endirildi. Onlardan ən təhlükəlisi isə "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçin zərbəsi oldu. 

Ümumilikdə, Ağdam təmsilçisinin hər mövqeyi bu matçda maksimumunu etdi. Müdafiə xəttinin, ələlxüsus Kevin Medinanın etibarlı oyunu "Qarabağ"ın dünənki qələbəsinin əsas səbəblərindən biri idi. O cümlədən uzun müddət sonra yaşıl meydanlara qayıdan komandanın "qoca"sı Maksim Medvedevin rəqibin qapıya yönəltdiyi qüvvətli zərbəyə qoyduğu "blok"u da xüsusi qeyd etmək lazımdır.

Ağdamlıların ən yaralı yeri olan qapı mövqeyi də artıq əmin əllərdədir desək, yanılmarıq. Şahruddinin gedişindən sonra əsas heyətdə "çərçivə"yə nəzarət edən Andrey Lunyov da inamlı təsir bağışlayır. Düzdür, bir neçə epizodda ayaqla uzaq məsafəyə atmaq istədiyi toplar yekunda rəqibin qapımız qarşısında təhlükəli vəziyyətlər yaratması ilə nəticələndi, lakin seyvləri, çıxışda inamlı oyununa görə 31 yaşlı rusiyalı kiperin performasına da "5" düşür.

Beləliklə, "Qarabağ" 2/2 edərək H qrupunda 6 xalla ikinci pillədə məskunlaşıb. Qrupun lideri isə hazırda nəinki Almaniyanın, Avropanın ən kompakt, baxımlı futbol oynayan kollektivi Leverkuzen "Bayer"idir. "Qarabağ" növbəti oyununu məhz Bundesliqa təmsilçisi ilə səfərdə keçirəcək. Qarşılaşma oktyabrın 26-da baş tutacaq.

Təmsilçimiz hər iki oyundakı performansını bu matçda da sərgiləyə bilsə, almanlardan xa xal və ya xallar almaq mümkün görünür...

Offsideplus.az