Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun "Neftçi" ilə "Turan Tovuz" arasında baş tutacaq. 

Doğma divarlar arasında "ağ-qaralar"ı 1:0 hesabı ilə məğlub edən qərb təmsilçisi cavab görüşünə də ciddi hazırlaşır. Bu qənaətə "Turan Tovuz" "cəbhəsindəki" qələbəliyi müşahidə etməklə gəlmək mümkündür. Belə ki, "bozqurdlar" azarkeşlərini oyunun keçiriləcəyi ünvana - "Bakcell Arena"ya gətirmək üçün xüsusi avtobus ayıracaq. Bununla belə, əgər fanatların sayı çox olarsa, əlavə avtobus da təşkil olunacaq. O cümlədən Bakıda yaşayan bütün "Turan Tovuz" azarkeşlərinə də çağırış olunub.

İlk oyundan sonra təşkil olunan mətbuat konfransında həm baş məşqçi Ayxan Abbasov, həm də klubun sponsoru "Huner Group" şirkətinin təsisçisi və direktoru Ehtiram Quliyev favorit olaraq "Neftçi"ni göstərdi. Bu da "Turan Tovuz"da arxayınlığın olmadığından və tovuzluların cavab qarşılaşmasına da eyni məsuliyyətlə yanaşmasından xəbər verir. TT debüt mövsümündəcə tarix yaza bilər. İndiki durumda qərb təmsilçisinin kubokun finalına adlaması da böyük uğur sayıla bilər. Ziyadəsi isə baş mükafata sahib çıxaraq Azərbaycanı avrokuboklarda təmsil etmək şərəfinə nail olmaqdır. Hadisələri qabaqlamaq üçün tezdir, lakin "Turan Tovuz" bu xəyalı reallığa çevirmək üçün əla fürsət yaxalayıb. Bu mənada, komandanın çalışdırıcısı Ayxan Abbasov da "Turan Tovuz"un tarixinə adını yazdıra bilər.

Amma "Neftçi " səddi aşılsa...

"Neftçi" də bu görüşə xüsusi hazırlaşır. Düzdür, "ağ-qaralar" Premyer Liqada cari mövsümün bitiminə 5 tur qalmış 3-cü pillədə qərarlaşaraq UEFA Konfrans Liqasına vəsiqəni təmin edib, amma Azərbaycan Kubokunu qazanmaq da paytaxt təmsilçisi üçün prioritetdir. Hətta yerli mətbuatda dərc olunan məlumatlara görə, "Neftçi" "Turan Tovuz"u mübarizədən kənarlaşdıra bilməyib, kubokla vidalaşsa, baş məşqçi Laurentsiu Regekampfa da yol görünəcək. Belə ki, "Neftçi" rəhbərliyi 47 yaşlı rumıniyalıya postunda qalması üçün son şans verib.

Beləliklə, sabahkı oyun hər iki klub üçün vacib xarakter daşıyır. Hər şeyə isə start fiti saat 20:00-da veriləcək qarşılaşmadan sonra aydınlıq gələcək.

Diqqətinizə çatdıraq ki, yarımfinalın digər görüşü aprelin 27-də keçiriləcək. İlk oyunda "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olan "Səbail" doğma publika önündə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Daşqın Əziz