FİFA milli komandaların bu il üçün ilk reytinq cədvəlini açıqlayıb.

 Azərbaycan millisi də "ənənəsinə" sadiq qalaraq, geriləməklə məşğul olub. AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarda biabırçı hesablarla məğlub olan (1:4, 0:5) yığma 3 pillə geriləyərək, 1142 xalla 124-cü yerdə qərarlaşıb. Buna öyrəncəliyik. Bir-iki pillə irəlilədiyimizi görəndə, az qalır sevincimizdən papağımızı göyə ataq.

Hansı ki Canni de Byazinin rəhbərliyi altında qazanılan ardıcıl 5 vacib əhəmiyyəti olmayan qələbəyə görə eyforiyaya qapılan futbol ictimaiyyətinin yarısı misli görünməmiş formada öyünür, millidə inkişaf sezirdi. Sən demə, bu, sadəcə başaldatma idi. Azərbaycan yığmasının əsl potensialı isə tsiklda bilinəcəkdi...

Reytinq cədvəlində bir sağ, bir də sola baxırsan və coğrafi biliklərini işə salmaq məcburiyyətində qalırsan. Deməli, bizdən bir pillə irəlidə Niger, 122-ci yerdə isə Mərkəzi Afrika Respublikası qərarlaşıb. Nigeri görəndə, yəqin ki, çoxunuzun beyninə qeyri-ixtiyari olaraq ilk Nigeriya gəldi. Yox... Niger adlı ölkəni çox güman azərbaycanlıların mütləq əksəriyyəti tanımır. Düzdür, 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmiz adına yeganə qızıl medal qazanan Radik İsayev həlledici görüşdə məhz Niger taekvondoçusunu məğlub etmişdi. Amma görünən odur ki, Qərbi Afrikada yerləşən, 1.267.000 km² ərazi, 19,2 milyon əhaliyə malik olan Nigerin də Azərbaycan kimi böyük bir dərdi var – futbol. Bir sözlə, mövqelənmə tam yerindədir. Buna görə isə başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olmaqla Canni de Byaziyə, məşqçilər korpusuna və əksər oyunlarda bərbad performansla Azərbaycan futbolsevərini üzən yığma üzvlərinə "təşəkkür" düşür.

Azərbaycan millisindən geridə olan yığmalar isə Farer Adaları ilə Zimbabvedir. Nə sağ, nə də solumuzda ürəyimizə yatan bayraq var. Təbii ki, bununla hansısa ölkənin bayrağını, adını aşağılamaq fikrim yoxdur. Amma cədvəldə futbolu olan bir ölkəylə yanbayan olmaq hara, indiki mənzərə hara...

Yəni, biz nə vaxtsa futbolu olan ölkələrin yanına yaxınlaşa biləcəyik..? Cari duruma, uşaq futbolundakı vəziyyətə, regionlarda viran qalan stadionlara, infrastruktura baxanda, heç bu haqda fikirləşmək də istəmirsən. Sabahını düşünən (!) federasiya üçünsə bu problemlərin içində ən ümdəsi uşaq futboludur. Ümumiyyətlə, bu mövzuyla bağlı xeyli mühüm nüanslara olar. Təbii ki, bu, ayrı yazının mövzusudur. Uşaq futbolu ilə bağlı gərək hər gün silsilə yazılar yazıla, problemlər bir-bir araşdırılıb, hər xırda detalınadək göstərilə, amma çifayda. 

İllərdir yazılır, göstərilir. Əncam çəkilib?

Daşqın Əziz