"Qarabağ"ın bumövsümkü avrokubok macərası Polşa "Lex"i ilə başladı.

 UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Lex"ə 0:1 hesabıyla uduzan Ağdam təmsilçisi az qala azərbaycanlı futbolsevərlərin bütün ümidlərini üzmüşdü. Əksəriyyət "Qarabağ" başlamamış vidalaşır" fikrinə düşmüşdü. Lakin 1 həftə ərzində toparlanan, özünə gələn "köhlən atlar" Bakıda polyakların qapısından nə az, nə çox - 5 top keçirərək adını növbəti mərhələyə yazdırdı. Amma hadisələr başqa yöndə cərəyan edəcəkdi...

"Qarabağ" ard-arda İsveçrə və Macarıstan çempionlarını yolundan kənarlaşdırsa da, pley-off mərhələsində Çexiya "Viktoriya"sına "ilişərək" Avropanın bir nömrəli klub turniri ilə vidalaşdı.

Amma avrokubok macərası bitməmişdi. Ağdamlılar mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirdi. "Frayburq" (Almaniya), "Olimpiakos" (Yunanıstan) və "Nant" (Fransa) komandaları ilə eyni qrupa düşən təmsilçimiz yekunda 8 xal toplamaqla Avroliqa ilə də vidalaşmalı oldu.

Yuvarlana-yuvarlana Konfrans Liqasına düşən "Qarabağ" bu yaxınlarda Belçikanın "Gent" klubu ilə pley-off matçında da ümumi hesabda məğlub olaraq (ilk oyun - 1:0, cavab görüşü - 0:1, penaltilər seriyası - 3:5) Avropanın 3-cü dərəcəli klub turnirinə də "əlvida" dedi.

"Qarabağ"ın ÇL-də darmadağın etdiyi "Lex" vardı...

Polşa klubu bu gün "Qarabağ"ın bacarmadığını reallaşdırıb. Poznan təmsilçisi artıq Konfrans Liqasının 1/4 final mərhələsindədir. 

"Atlılar"ın ötən il ÇL-də darmadağın etdiyi "Lex" bu gün KL-də baş mükafat uğrunda mübarizə aparır.

Yadınızdadırsa, PFL-in sabiq prezidenti Ramin Musayevin bir müddət əvvəl həmkarlarımızın suallarını cavablandırarkən, "Qarabağ" "Lex"in adını dəyişib, "lox" etdi" ifadəsi sosial şəbəkələrdə əməlli-başlı məzhəkəyə çevrilmişdi. Düzdür, bu, Ramin müəllimin "məhsuludur". Amma çoxlarının da ürəyincə olmuşdu. Ki, "Qarabağ" "Lex"i bu kökə salıb.

Amma bu gün "Qarabağ" növbəti mövsümün xəyalını qurursa, "Lex" də avrokuboklarda üzüyuxarı gedir...

Offsideplus.az