Ötən gündən bəri futbol ictimaiyyətimizdə müzakirə mövzusu yenə "Kəpəz" və ondan ziyadə Tərlan Əhmədovdur.

 Bu dəfə yaxşı yöndə... Bildiyiniz kimi, gəncəlilər dünən çətin "Neftçi" səfərində əzmkarlıq nümayiş etdirərək, Bakını 1 xalla (2:2) tərk etdilər. Hansı ki bu 1 xal belə "Kəpəz"ə elitada qalmaq üçün hava-su kimi vacibdir.

Nəysə, bu görüşdən sonra Tərlan Əhmədovun şəninə təriflər yağdırılır, mədhiyyələr yazılır. Haqqına da yazılır. Tərlan Əhmədovun məşqçi bacarığı, potensialı Azərbaycan futbolunu izləyən hər kəsə bəllidir. Hətta o, hazırda ölkədə Qurban Qurbanov və Ayxan Abbasovla birgə 3 ən yaxşı baş məşqçi ünvanına da sahibdir. Təsadüfi deyil. Tərlan Əhmədovun vaxtilə "Neftçi" və "Keşlə"nin dadına "ölüm ayağında" yetişib, necə "dirlitdiyinin" şahidi olmuşuq. Bu gün də "Kəpəz"dədir. Eyni "müalicə üsulunu" "sarı-göylər" üçün tətbiq edir. 

Ümumiyyətlə, Əhmədovun "Kəpəz"ə gəlişindən sonra onun oyun planı və taktiki gedişləri haqda tənqidi fikir tapmaq çətindir. Bu mənada, 51 yaşlı mütəxəssisin işi göz önündədir.

Əhmədovun "müsbət"i ilə bağlı qısaca bu qədər... İndi də onun başına bəla olan mənfilərindən - xarakterindən danışaq. Bir deyil, iki deyil. Futbolçularla yola getməməyi və Əfran İsmayılov, Rauf Əliyev, Elvin Yunuszadə kimi "qoca" oyunçuları komandadan didərgin salması, sərt qayda-qanunları... Hələ son haqq-hesabı xatırlayaq. Yadınızdadırsa, Premyer Liqanın 26-cı turunda evdə "Zirə" ilə keçirilən oyundan (1:1) sonra təcrübəli mütəxəssis klubun "mətbəxindəki" bəzi problemləri qabartmışdı. Əhmədov gileylənir ki, "Kəpəz"in nə tərcüməçisi var, nə də futbolçuların matçlardan sonra çimmək üçün isti suyu. Bu da futbol ictimaiyyətimizdə bir çal-çağıra səbəb oldu ki, gəl görəsən. Onu qınadılar ki, niyə klub daxilindəki hər şeyi açıb-ağardırsan? Düzdür, mütəxəssisə bu fikirlərinə görə qahmar çıxanlar da oldu. Amma əksəriyyət Tərlan Əhmədovun düz etmədiyini düşündü.

Bu gün Əhmədovun məşqçi işi ilə xarakteri tutuşmur. Ona görə də, nə qədər məntiqsiz olsa da, fikirlər haçalanır.

Çox qəribədir ki, Tərlan qalib gələn kimi, təriflənir, uduzan kimi isə, xarakteriylə bağlı mənfiləri də bunun gözünə qatıb, mütəxəssisin başına vururlar.

Bu izahı çətin olan situasiyaya əsaslanıb demək olar ki, Tərlan bəy bir əldə iki qarpız tutur... 

Offsideplus.az