"Kəpəz"in adı elitaya yüksələndən bəri dillərdən düşmür.

 Fəqət uğurlu çıxışı ilə yox, ətrafındakı qalmaqallarla. Bu gün isə proseslər kulminasiya nöqtəsindədir. İş o yerə gəlib çatıb ki, komandanın baş məşqçisi Tərlan Əhmədov Gəncədən "başını götürüb" qaçmaq istəyir. Hətta təcrübəli mütəxəssis klub Premyer Liqada qalsa belə, "sarı-göylər"də işləmək niyyətində deyil. Çempionatın 22-ci turunda səfərdə "Turan Tovuz"a uduzduqları oyundan (0:2) sonra təşkil olunan mətbuat konfransında Əhmədovun fikirlərini "Kəpəz"lə bağlı bildiyim elə şeylər var ki, onları dilə gətirsəm, Gəncə futboluna böyük hörmətsizlik olar", "elə məsələlər var ki, onlar mənimlə qəbrə gedəcək" ,- deyə ifadə etməsi həqiqətən də vəziyyətin nə yerdə olduğunu göstərir. Mütəxəssis bildiklərinin çox az qismini mətbuata açıqlamağı lüzum görür. 

Bəs, problem tək Tərlan Əhmədovla bağlıdır?

O gələnədək klubda "bıçaq sümüyə dirənmişdi". Azarkeşlər az qala sabiq baş məşqçi Yaşar Vahabzadəyə qarşı üsyana hazırlaşırdılar. Bu posta Tərlan Əhmədovun gətirilməsi Gəncə futbolu üçün toy-bayram sayılırdı. Çünki təcrübəli mütəxəssis "Kəpəz"dən əvvəl çalışdırdığı klublarda səliqə-səhman yaratmış, fəlsəfəsini aşılamışdı. "Neftçi" və "Keşlə" buna bariz nümunədir. Deyə bilərik ki, Əhmədov bu gün "Kəpəz"i də relsə salmağı bacarıb. Lakin klubdaxili proseslər, kənardan olunan müdaxilələr, qruplaşmalar, yerlibazlıq və Tərlan Əhmədovun qeyd etdiyi kimi, çayxanada aparılan müzakirələr "Kəpəz"in evini yıxır. Vaxtilə mütəxəssisin gəlməsinə sevinən fanatların çoxu indi ona qarşı cəbhə açıb. Düşünülür ki, onu göndərib, yerinə başqa, xüsusilə də gəncəli çalışdırıcı gətirsələr, "val dönəcək".

Düzdür, Tərlan Əhmədovun sərt xarakteri də müzakirə predmetidir. Təsadüfi deyil ki, Əfran İsmayılovla Rauf Əliyev kimi təcrübəli futbolçular onunla yola getmədikləri üçün "Kəpəz"dən didərgin düşdülər. Amma bütün mənfiləri bir yerə bağlamaq, corabı Əhmədovun başına hörmək çıxış yolu deyil.

Bu gün "Kəpəz"in yeganə dərdi Tərlan Əhmədovun sərt xarakteri deyil. Düzgün koordinasiya olmayan yerə ölkənin bütün say-seçmə mütəxəssisləri də gəlsə, xeyri yoxdur. Gəncə futbolundakı hərc-mərclik bitməyəcəyi təqdirdə, belə mövzularda hələ çox ifrata varılacaq. Zaman da öz işindədir. Vəziyyət düzələn gün isə "Kəpəz"i elitada görməyə bilərik...

Daşqın Əziz