Dünən Offsideplus.az da daxil olmaqla yerli idman mətbuatında manşetləri "Qarabağ" 10 milyonluq futbolçunu transfer etdi" başlıqlı xəbərlər "zəbt etdi".

Bir neçə gün əvvəl komandanın əsas qol silahlarından olan Kadi Borgesi Rusiya "Krasnodar"ına satan Ağdam təmsilçisi buna görə sərt tənqidlərə tuş gəldi. UEFA Konfrans Liqası oyunu öncəsi bu addımın atılması təkcə "atlılar"ın azarkeşlərini yox, əksər azərbaycanlı futbolsevərləri üzdü. Dünən yayılan məlumat isə əvvəlcə fanatların ürəyinə su səpdi. Lakin xəbər başlığını görüb, sevinən kəslərin çoxu ardınca həmin futbolçunun statistikalarına baxıb, məyus oldu. 

10 milyonluq (!) futbolçu...

Məlumatda adı keçən futbolçu Seneqal əsilli Fransa vətəndaşı Adama Diakabidir. Onun artıq "Qarabağ"ın düşərgəsinə qoşulduğu da bildirilir.

“Kan”ın yetirməsi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu 10 milyon avro qarşılığında Fransanın adlı-sanlı komandalarından biri "Monako"ya satıb. Lakin mövsüm ərzində Liqa 1 təmsilçisində top qovan 26 yaşlı vinger çıxdığı 22 oyunda cəmi 2 dəfə rəqib qapılarına yol tapa bilib. Ardınca eyni qiymətə "Haddersfild Taun"a transfer edilən Diakabi İngiltərə klubunda bundan da bərbad göstərici ilə yadda qalıb - 46 oyuna 0 qol. 

"Haddersfild"dən digər İngiltərə klubu "Nottingem Forest"ə icarəyə verilən oyunçu, çıxdığı 14 oyunda qol vura bilməyib. Son olaraq ölkəsinə qayıdıb, "Amyen"də çıxış edən Diakabi özünü burada da göstərə bilməyib. Çıxdığı 24 oyunda cəmi 1 qol vurub.

O, Fransanın 21 yaşlılardan ibarət milli komandasının da formasını geyinib. Ki, burada da qol üzünə həsrət qalıb.

Bəli, 5 il əvvəl Diakabinin transfer dəyəri 10 milyon avro olub. Amma indi "Transfermarkt.com" portalına daxil olduqda futbolçunun qiyməti heç 1 milyon da deyil. Onun bugünkü dəyəri 800 min avrodur. Lakin hazırda azad agent statusu daşıyan fransalı, Azərbaycan klubuna pulsuz keçib.

Bütün bunlardan sonra sual yaranır: "Qarabağ" bu futbolçunu heyətinə qatmaqla keyfiyyətli oyunçu qazandı, yoxsa azarkeşlərin sanballı transfer gözlədiyi məqamda ümidləri puç etdi..?

Nəyin necə olacağını isə həmişəki kimi zaman göstərəcək...

AMİL