“Çempionlar Liqasının qrupunda rəqiblər çətindir, Avropa Liqasına düşsün. Avropa Liqasının pley-offundakı rəqiblər “Qarabağ” üçün deyil, ən yaxşısı Konfrans Liqasında oynasın. Sonda isə, əsas odur, Azərbaycanı avrokuboklarda təmsil etdi, artıq çempionata diqqətini cəmləşdirə bilər...”

“Qarabağ” 2022/2023 mövsümü üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ilk və son oyunlarını Almaniya “Frayburq”una qarşı keçirdi. Ağdam təmsilçisi 1:2 hesabı ilə bitən ilk matçda da almanların meydanında qələbəyə layiq oldu, doğma Tofiq Bəhramov adına Respublika stadionunda da.

“Qarabağ”ın ilk dəqiqələrdən rəqib üzərində təzyiqi Kristian Ştrayxın komandasının dəfələrlə top itkisinə, müdafiə xəttində ciddi səhvlərinə yol açdı ki. İlk 10 dəqiqə Almaniya təmsilçisinin ev sahiblərinə hədiyyə etdiyi qol epizodları və “köhlən atlar”ın yararlana bilməməsi ilə yadda qaldı. 22-ci dəqiqədə kolumbiyalı Kevin Medinanın kritik müdaxiləsi ev sahiblərini mümkün qoldan xilas etdi. Bir dəqiqə sonra eyni müdaxiləni Bəhlul Mustafazadə təkrarlamağa çalışsa da, həm stadion, həm də ekran qarşısında olan hər kəsin nəfəsini tutması ilə nəticələndi. Penalti qərarı,  Nils Peterson topa yaxınlaşır və 0:1. Hesab açılandan sonra “Qarabağ”ın özünü toparlayıb hücuma atılmağı çox vaxt aparmasa da, komanda bu dəfə də rəqibin kobud səhvlərindən istifadə etməyi bacarmadı. 31-ci dəqiqədə Elvin Cəfərquliyevin ötürməsi ilə Bəhlul “günahı”nı yumağa yaxın oldu. İlk hissə Qurban Qurbanovun komandasının hesaba tarazlıq gətirmək üçün yaranan bir neçə şansı düzgün dəyərləndirməməsi ilə yekunlaşdı.

313406835 674032640758440 1611103293066639379 n copy

90 dəqiqə ərzində “köhlən atlar”ın rəqibə təzyiq göstərmədiyi bir neçə dəqiqəni misal çəkmək olar ki, onda da vaxt belaruslu baş hakim Aleksey Kulbakovun VAR-ın qərarına ayırdığı zamana sərf olundu. 51-ci dəqiqədə Marko Veşoviçin mümkün penalti epizodu VAR-ın qərarına əsasən, oyundan kənar vəziyyətlə əlaqədar olaraq ləğv olundu. 3 dəqiqə sonra Veşoviç nəhayət, qolun “dadı”nı aldı. VAR-ın bir əsr çəkən qərarı ilə yenə offsayd qeydə alındı və hesab 0:1 olaraq davam etdi. 10 dəqiqə sonra Kevin Medina haqlı olaraq qırmızı vərəqə ilə cəzalanıb, “Qarabağ”a əsl şok yaşatdı. Ağdam təmsilçisinin oyunundan danışırıqsa, son zamanların anti-qəhrəmanı Şahruddin Məhəmmədəliyevi unutmaq olmaz. 65-ci dəqiqədə “Şah” iki dəfə qapısını tərk edib, rəqib hücumunun qarşısını müvəffəqiyyətlə aldı. 28 yaşlı qolkiper 83-cü dəqiqədə  “Qarabağ”ı oyundankənar vəziyyətdə olan Lukas Hölerin qolundan xilas etdi, lakin ardınca ötürmədə etdiyi kobud səhvini düzəltməsə, qolla nəticələnə bilərdi.

Hər kəs hesabın nəticəsi ilə barışarkən, 90+1 dəqiqədə Kvabena Ovusunun vurduğu qolla komanda və azarkeşlərə yeni nəfəs gəldi. Əlavə edilən 7 dəqiqə ərzində Avropa Liqasında mübarizəyə davam etmək üçün can atan “Qarabağ” komandası axtardığı qolu tapmayınca final fiti səsləndi. “Qarabağ” – “Frayburq: 1:1.

Beləliklə, “Qarabağ”ın cari mövsüm üzrə Avropa Liqası macərası da baş çatdı. Komanda rəqiblərindən üstün performans sərgilədiyi G qrupunda 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət yaşayaraq 8 xalla 3-cü pillədə qərarlaşdı. Q.Qurbanovun kollektivi yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

Ağdam komandasının Avroliqadakı mübariz ruhlu performansını bəyənməyən yoxdur. 7-dən 77-yə hər kəsin marağına səbəb olan məsələ isə bu cür oyun sərgiləyib, irəli getməkdənsə, komandanın özünü çətin duruma salıb daha aşağı səviyyədə turnirdə mübarizəni davam etdirməsidir.

Çempionlar Liqasının qrupunda rəqiblər çətindir, Avropa Liqasına düşsün. Avropa Liqasının pley-offundakı rəqiblər “Qarabağ” üçün deyil, ən yaxşısı Konfrans Liqasında oynasın. Sonda isə, əsas odur, Azərbaycanı avrokuboklarda təmsil etdi, artıq çempionata diqqətini cəmləşdirə bilər... 

Günay Xəlil