UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibinin Avstriya "Rapid"i olacağını biləndə əksəriyyətimiz loru dildə desək, "ağ-qaralar"ın "evinin yıxıldığını" düşündük.

 Bu da səbəbsiz deyildi. Rəqib Avstriyanın ən titullu klubudur. Həmçinin, "Rapid" səfər komandası sayılır. Belə ki, sözügedən kollektiv indiyədək avrokuboklardakı qələbələrinin əksəriyyətini rəqib meydanlarında qazanıb. "Neftçi"nin mövsümün ilk avrokubok matçında sərgilədiyi oyun da insanı xeyli düşünməyə vadar edirdi. Düzdür, "Aris" səddi üç cavabsız qolla aşıldı, ancaq yenə də paytaxt təmsilçisi gözlənilən oyunu sərgiləmədi. Budəfəki matça isə maraq daha böyük idi. Çünki bu cütün qalibi pley-off mərhələsinə yüksələcək. 

***

"Neftçi" oyuna çox yaxşı başladı. Deməzdin ki, meydanda "Aris"lə matçdakı kimi dağınıq, pərakəndə futbol nümayiş etdirən komanda vardı. İlk dəqiqələrdən rəqib qapısına təhlükəli hücumlar təşkil edən "ağ-qaralar" ilk hissə ərzində 3 dəfə fərqlənməyə yaxın oldu. İlk təhlükəli epizodu bakılıların yeni transferi Qodsvey Donyo yaratdı. Qanalı hücumçunun uzaq məsafədən endirdiyi zərbə az fərqlə çərçivədən yayındı. Təmsilçimizin heyətində ən yaxşılardan olan Eddi İsrafilov da canfəşanlığı ilə seçilirdi. İsrafilov birinci yarının ortalarında hesabı açmağa da çox yaxın oldu. Lakin onun da zərbəsində azacıq dəqiqlik çatmadı.

"Neftçi" istəyinə 44-cü dəqiqədə çatdı. Təmsilçimiz azarkeşlərin ənənəvi olaraq tribunalarda "Şəhidlər ölməz, vətən bölünməz" şüarları səsləndirdiyi məqamda rəqib torunu silkələdi. Sevindirici məqam ondan ibarətdir ki, hesabı paytaxt klubun yeni transferi Ataa Caber açdı. Fasiləyə minimalhesablı üstünlüklə yollanan "ağ-qaralar" ikinci hissədə də təşəbbüsü əldən vermədi. Oyunda diktə edən "Neftçi" 60-cı dəqiqədə güclü rəqibini ikinci dəfə meydanın mərkəzinə dəvət etdi. "Ağ-qaralar"ın ikinci topunu da yeni transferlərindən biri - Kenni Sayef vurdu. Bu qol azarkeşləri mərhələni keçmək baxımından bir qədər də rahatlatdı. Lakin oyunun şərhçisi Pərviz Musayev də tez-tez söyləyirdi ki, məsələni qarantiləmək üçün 3-cü qol da lazımdır. 

3-cü qol da oldu, amma... 

Oyunda 3-cü qolu isə "Neftçi"nin qapısından keçdi. Matçın sonlarında - 90+5-ci dəqiqədə buraxılan qol azarkeşlərin əhvalını pozdu. Son saniyələrdə müdafiədə buraxılan səhvlər, bir qədər də təcrübəsizlik qapımıza qolla nəticələndi. Avstriyaya daha rahat gedə bilərdik, ancaq bu hesabdan sonra müəyyən suallar yaranır...

Bir məqama da ümid etmək olar ki, "Rapid" doğma meydanda çox vaxt zəif təsir bağışlayır. Komandanın əvvəlki ev oyunlarına nəzər saldıqda, bunu sezmək mümkündür.

Cavab qarşılaşması isə avqustun 10-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq. "Neftçi"yə bu çətin sınaqda uğurlar arzu edirik!