"Neftçi" ötən gün baş tutan oyunda Kiprin "Aris" klubunu mübarizədən kənarlaşdıraraq UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldi.

"Ağ-qaralar" Larnakada ümidləri üzsə də, Bakıda üzləri güldürməyi bacardı. Səfərdə rəqibinə 0:2 hesabıyla uduzan "Neftçi" doğma meydanda bunun heyfini artıqlaması ilə (3:0) çıxaraq növbəti mərhələyə adlamağın sevincini yaşadı.

3-cü raundda isə rəqib daha güclü -  "Rapid" (Avstriya, Vyana) klubudur. 2-ci təsnifat mərhələsində Polşa "Lexiya"sını ümumi hesabda 2:1 məğlub edən vyanalılar Premyer Liqamızın gümüş medalçısı ilə üz-üzə gələcəklər.

Rəqib komanda haqda bəzi maraqlı informasiyaları diqqətinizə çatdırırıq.

Ləqəbi "ağ-yaşıllar" olan "Rapid" klubunun əsası 1899-cu ildə Avstriyanın paytaxtı Vyana şəhərində qoyulub. Bu komanda Avstriyanın ən uğurlu klubu sayılır. Paytaxt təmsilçisi indiyədək 32 dəfə ölkə çempionu olmağı bacarıb. Bununla yanaşı, vyanalılar 14 dəfə Avstriya kubokunu, 2 dəfə isə ölkə Super Kubokunu başları üzərinə qaldırıblar.

"Rapid"in tarixinə nəzər saldıqda, bu kollektivin Almaniya Bundesliqasında da çempionluq yaşadığını qeyd edə bilərik. Belə ki, 2-ci Dünya müharibəsi dövründə - Hitler Almaniyası tərəfindən işğal edilən Avstriyanın futbol komandaları məhz bu ölkənin çempionatında mübarizə aparırdılar. Təsadüfi deyil ki, "Rapid" 1941-ci ildə Almaniya Bundesliqasının qızıl medallarına sahib çıxıb.

Klubun avrokuboklarda da təcrübəsi var. Vyana təmsilçisi ardıcıl iki mövsüm - 1991/92 və 1992/93 sezonunda UEFA İntertoto Kubokunun (bu turnir 2008-ci ildə ləğv edilib - red.) ən güclüsü olub. "Rapid" iki dəfə də UEFA Kuboklar Kubokunda (1999-cu ildə ləğv edilib - red.) final oynayıb. Həmin həlledici görüşlər 1985 və 1996-cı illərə təsadüf edib. 

"Rapid"in bugünü

Klubun prezidenti Maykl Krammerdir. Vyanalıları 2021-ci ilin 29 noyabrından 42 yaşlı avstriyalı mütəxəssis Ferdinand Feldhofer çalışdırır. Avstriya klubu ev oyunlarını 28 345 tamaşaçı tutumuna malik "Allianz" stadionunda keçirir. 

Komandanın ən bahalı oyunçusu 24 yaşlı sol cinah vingeri Marko Qrüldür. Hazırda onun transfer dəyəri 5 milyon avrodur. Klubun ümumi dəyəri isə 31 milyon avrodur. Vyana təmsilçisinin heyətinə nəzər salsaq, əksər futbolçular yerli - avstriyalı oyunçulardır. Kollektivdə serbiyalı legionerlər də çoxluq təşkil edirlər.

"Rapid"in ənənəvi forma rəngi ağ və yaşılın sintezidir. Sözügedən kollektiv səfər oyunlarına isə tünd göy və qırmızı rəngin qarışığı ilə dizayn edilmiş formalarla yollanır.

***

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Vyanada baş tutacaq.

Daşqın Əziz