2021/22 mövsümünü geridə qoyduq, artıq növbəti sezonun startı yaxınlaşır. Lakin "Şamaxı" klubu hələ də kölgədə daldalanır.

Azərbaycan Premyer Liqasında mövcud 10 klub ( oxu: "Turan Tovuz" və "Kəpəz" yeni mövsümdən başlayacaq) arasında ən passivi "Şamaxı"dır. Transfer məsələsini bir kənara qoyuram, klubun heç yeni rəhbərliyi də bəlli olmayıb. "Şamaxı"nın Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından bəri bölgə təmsilçisi hələ də başsızdır.

Bu yaxınlarda "Şamaxı"nın Azərbaycanın tanınmış futbol funksionerlərindən biri, "Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova əmanət olunacağı barədə yazmışdıq. Lakin təcrübəli futbol adamı bir şərtlə - idarəçiliyin tam olaraq ona həvalə ediləcəyi halda doğma yurdunu təmsil edən komandaya gedəcəyini söyləyir.

Digər bir tərəfdən, klubun yeni baş məşqçisinin kimin olacağı da bəllidir. Belə ki, Region Liqasının qalibi olan "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov "Şamaxı"nı çalışdıracaq. Gənc mütəxəssis artıq bu komandada çiyin-çiyinə çalışacağı köməkçilərini də müəyyənləşdirib. Lakin onun da təyinatı gecikir. Bir sözlə, "Şamaxı"da sanki həyat dayanıb, dərin sükut hökm sürür. 

Klubun son iki ay ərzindəki fəaliyyətindən danışırıqsa, bu zaman kəsiyində "Şamaxı"ya yeni gələn oyunçu olmayıb. Əksinə, komandadan nə az nə çox, 11 futbolçu ayrılıb. Həmin oyunçular - İlkin Qırtımov (“Qəbələ”), Kamal Bayramov (“Turan Tovuz”), Tural Axundov (“Kəpəz”), Tərlan Quliyev (“Turan Tovuz”), Natan Oduva, Aldair Neto, Felipe Santos (“Qəbələ”), Vüsal Qənbərov (“Səbail”), Rəhman Hacıyev (“Neftçi”, icarə müddəti bitib), Rafael Məhərrəmli (“Səbail”) və Şəhriyar Əliyevdir (“Turan Tovuz”). Klubda sadəcə üç yeni müqavilə olub. Ki, həmin sözləşmələrə şamaxılıların baş məşqçisi Rüstəm Əliyev, müdafiəçisi Rəhman Daşdəmirov və qapıçısı Stanislav Namaşko qol çəkib.

Son olaraq bir məqama da toxunmaq istərdim. Bugünlərdə Makedoniyanın "Renova" komandasında çıxış etmiş Nazim Məmmədzadənin "Şamaxı"ya mümkün transferi barədə məlumat almaqçün klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladım. O isə ümumiyyətlə, hazırda transfer məsələləri haqda danışa bilməyəcəyini söylədi. Məmmədov sözlərinə onu da əlavə etdi ki, bütün bu məsələlər haqda yeni rəhbərliyin elan olunmasından sonra danışmaq olacaq.

Xülasə, "Şamaxı"da bütün diqqətlər yeni rəhbərliyin təsdiq və elan olunmasına yönəlib. Ya da ki, bölgə təmsilçisində "fırtına öncəsi səssizlik" hökm sürür...

Daşqın Əziz / Offsideplus.az