Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında yığma üzvlərini xaraktersiz və qorxaq adlandırıb.

 Bu fikirlər Azərbaycanın futbol ictimaiyyətində böyük rezonans doğurub. Əksəriyyət 66 yaşlı italyan sinyoru "ağ yuyub, qara sərir". Medianın tənqidləri öz yerində, bəs görəsən, futbolçular nə düşünür? Ölkənin yaşıl meydanlardakı şərəf təcəssümü olan milli komanda haqda deyilən bu sözlərə sərt reaksiya verəcəklərmi? Verməlidirlər axı..!

Nəysə, mövzuyla bağlı münasibət öyrənməkçün Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Səbail"də top qovan Əfran İsmayılovla əlaqə saxladıq. 33 yaşlı İsmayılov sualı eşidər-eşitməz özünü "ölülüyə vurdu":

"Bu aralar çox danışdım, o qədər müsahibə-açıqlama verdim ki, artıq özümü şou-biznes nümayəndəsi kimi hiss edirəm. Bir az "pauza" verirəm".

Bu, Əfranın bizə cavab olaraq söylədiyi lakonik fikirlərdir. Təcrübəli futbolçu bu məsələdə yaxasını kənara çəkdi.

Düşünürəm, bəlkə də keçən dəfə yerli saytlardan birinə ( Sportinfo.az ) videomüsahibəsində səsləndirdiyi ifadələrə görə belə edir. Axı Əfran orada demişdi ki, "əgər ölkədə futbolçu yetişmirsə, Elxan müəllim nə etsin, AFFA nə əlac qılsın? Gedib uşaq və yeniyetmə futbolçuların yanında durub izləyəsi deyillər ki...".

İsmayılov bu gün-sabah futbolçu karyerasını bitirəcək. Bəlkə federasiyadan yaxşı iş təklifi də alacaq? Çox danışıb, özünə niyə problem yaratsın ki?

Ən yaxşısı elə "pauza" verməkdir...

Daşqın Əziz