Başqa xalqların leksikonunda bu deyim var, ya yox, bilmirəm, amma bizdə "çox tərifləyəndə arxayınlaşmaq" deyə bir ifadə var. Ya da bu kəlmənin bir az bayağı forması...

 Tərifi hər birimiz sevir, şənimizə deyilən yaxşı sözlərdən büruzə verməsək belə, xoşhallanırıq. Ancaq təəssüf ki, çoxumuz o təriflərdən həvəslənib, daha da irəli getmək əvəzinə arxayınlaşıb, "etdiyimi etdim, tanındım, bu bəsdir", - deyib geri düşürük. Bəlkə də bu, dünyanın hər yerində belədir, ancaq bizdə ifrat dərəcədədir. Götürək futbolçularımızı. Daha doğrusu, xarici ölkələrdə legioner həyatı yaşayan yerli oyunçuları. Təbii ki, istər həmyerli, istərsə də Azərbaycan millisində çıxış edən əcnəbi futbolçuları xarici çempionatlarda görmək bizi sevindirir. Onların başqa liqalarda uğurlu çıxışını, qollarını görmək isə sevincimizə sevinc qatır.  Amma...

Bəli, tərifləyirik, lazım gələndə "doza"sını lap artırırıq. Biri özümüz. Məsələn, hər hansı Avropa ölkəsinin çempionatında top qovan oyunçumuz qol bir kənara, məhsuldar ötürmə verəndə, sayt və səhifəmizdə hay-küylü, çal-çağırlı təqdimat edir, bəh-bəhlə paylaşırıq. İzləyicilər də axına qoşulur. 99 nəfər xoş şərh yazırsa, biri fikrini "bəsdir də, təriflədiz, işidir, borcudur, etməlidir" sözləriylə ifadə edir. O, haqlıdırmı? Haqlıdır.

Dmitri Nazarovun millimizdə çıxış edən dövrdə Almaniya 2-ci Bundesliqası təmsilçisi "Ersgebirge" klubunda məişət diliylə desək, aldığı nəfəsi də paylaşırdıq. Nazarov qol(lar) vurur, Nazarov məhsuldar ötürmə(lər) edir, Nazarov oyunun adamı seçilir və s. "Dima"nı bu qədər tərifləyib, gözləyirdik ki, millidə də uğurlu qrafik cızacaq. Ancaq nə olurdu? Nazarovun yığmada "ayağı quruyurdu". Düzdür, siftə vaxtlar yaxşı oynadı, uzaqdan vurduğu baxımlı qolları da qeyd etməliyik. Ancaq nə edəsən, millimizdə komanda oyunu yoxdur. Nəinki komanda oyunu, futbol adına nə isə görmək nadir hallarda olur. Yenə də Nazarovun parlaq çıxışını seçməmizdə görə bilmirdik.

Olmasın Nazarov, olsun Rüfət-Renat Dadaşov qardaşları, son dönəmdə isə Mahir Emreli ilə Anton Krivotsyuk. Mahir Polşa "Legiya"sında elə sürət götürmüşdü ki, dedik, bu templə 1 ilə Bundesliqaya gedəcək. Təriflər, "abartılı" paylaşımlar da öz yerində. Haqqı idi, bunu etməliydik. Əziyyət çəkir, potensialını nümayiş etdirməyə çalışırdı. Emreli təkcə futbolsevərlərin yox, bütün Azərbaycanın fəxrinə, sevimlisinə çevrilmişdi. Ancaq çox keçmədi və Mahir "idarəetmə"ni itirdi. Həm klubun düşdüyü uğursuzluq zolağı, həm də  sözün əsl mənasında futbolçumuzun başına gələnlər Emrelini "Legiya"dan küsdürdü. Mahir hazırda vətəndədir. Özünü verib efirlərə. Belə getsə, elə bir şou-proqram qalmayacaq ki, iştirak etməsin. Hətta keçən dəfə yerli mətbuatda bir xəbər də yayıldı ki, Emreli Türkiyənin "Başakşehir" klubuyla anlaşıb. Öz qərarıdır və bizə də ancaq "uğur olsun!" demək düşər.

Son vaxtlar isə Avropada Renat Dadaşov bizi sevindirməyə başlayıb. 22 yaşlı hücumçu Portuqaliyanın "Tondela" klubunda gözəl oyun sərgiləyir. Bir neçə gün əvvəl əla qol da vurdu. Biz yenə paylaşdıq, tərif "yağdırdıq". Ümid edirik ki, Renat Mahirin başına gələnləri görür və bundan nəticə çıxaracaq.

Xülasə, təriflənib arxayınlaşmaqdansa, həmişə tərifəlayiq olmaq daha gözəldir...

Daşqın Əziz