Neçə gün idi ki, ölkənin əsas milli komandasıyla bağlı sükut yaranmışdı.

Məlumunuz, UEFA Millətlər Liqasında rəqiblərimiz bəlli olub. Elə həmin gün də yığmamızın baş məşqçisi Canni de Byazi püşkü dəyərləndirmiş və yenə optimist açıqlamalarıyla diqqət çəkmişdi. AFFA ilə daha 10 aylıq müqavilə imzalayan italyan mütəxəssis bu gün "qurbağa gölünə daş atıb". Belə ki, yeni ili qarşılamaq üçün vətəninə gedən 65 yaşlı çalışdırıcı burada yerli mətbuata açıqlama verib. Yenə də pozitiv düşüncələrindən əl çəkməyən De Byazi iddialı danışıb:

"C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə üz-üzə gələcəyik. Məqsəd qrupu ilk iki pillədə başa vurmaqdır. Biz bunu bacara bilərik. Yeni il üçün ilk həfəfimiz UEFA Millətlər Liqası olacaq".

Bəli, əsas diqqət bu turnirə yönəlib. Ancaq o hədəfə doğru yürümək üçün hansısa potensial var? DÇ-2022-nin seçmə mərhələsində millinin sərgilədiyi bərbad oyun və topladığı 1 xal Millətlər Liqasının qrupunda ilk iki pilləni tuta biləcəyimizi deməyə əsas verir?

... Ümumiyyətlə, baş məşqçi nə desin? Bayram qabağı pessimist danışıb, qanımızı qaraltsın? Daha 10 ay yığmamızın "sükan"ı arxasında olacağına sevinən mütəxəssis hər şeyin yaxşı olacağına dair vədlər verir də, ay qardaş...

Ya da obrazlı şəkildə desək, De Byazi “Şaxta Baba”dır. Milli komandadan ciddi uğur umanlar isə ondan hədiyyə gözləyən məsum uşaqlardır. İtaliyalı 2022-ci ildə bizi sevindirmək istəyir. Amma unutmayaq ki, Şaxta Babanın arzuları gerçəkləşdirməsi ancaq nağıllarda olur.

"Bəlkə reallaşdı?", - deyə öz-özünə sual etmək istəyirsən, ancaq qrupdakı rəqiblərə, bir də dönüb millimizə baxıb, dilini dinməz yerinə qoymaq məcburiyyətində qalırsan.

Necə deyərlər, yaşayarıq, görərik. Bayramınız mübarək, cənab De Byazi! Nağıllar aləmindən reallığa keçmək ümidi ilə. İnşallah, Şaxta Babadan fərqli olaraq siz arzularımızı həyata keçirməyə köməkçi olarsınız...

Daşqın Əziz