11 avqust, səhər saat 06:00.

Necə deyərlər, şehli vaxtda qalxıb, yeməyimi yeyib, çantalarımı götürüb taksi sifariş verdikdən sonra həyətə endim. Bizə saat 08:00 üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda olmağımız tapşırılmışdı. Dedim, nə qədər tez getsəm bir o qədər yaxşıdır. Xırdalandan hava limanına qədər də xeyli yol var. Bir tərəfdən Bakımızın yollarındakı tıxac əndişəsi, digər tərəfdən də öyrəncəli olduğumuz fors-majorlar. Nə isə...

8-ə 10 dəqiqə qalmış ünvana yetişdim. Yavaş-yavaş həmkarlarımız da gəlməyə başladı. Səhər yuxusundan tam ayılmaq üçün bir fincan qəhvə yerinə düşdü. Elə içib qurtaran kimi də qalxıb girişə yaxınlaşdıq. Pasportlarımızı, baqajımızı təqdim edib, lazımi prosedurlardan keçdikdən sonra təyyarəyə mindik.

İstiqamət Azərbaycanın şimal-qərbi - Uzaq Finlandiya. O Finlandiya ki, adı çəkiləndə gözümün önünə vikinqlər haqda filmlər, dolaşan maraqlı əhvalatlar, bir də soyuq hava iqlimi gəlir. Dili, dini, adət-ənənələri, yaşam tərzi ölkəmizlə eyniyyət təşkil etməyən finlərin bizlə "körpüdən tanışlığı" var. Nə? Təbii ki, futbol...

Futbol sferasında bu ölkənin adı bizimlə yanaşı çəkiləndə ilk olaraq yığmalarımızın duelləri yada düşür.

2007-ci il. Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Emin İmaməliyevin mükəmməl qolu ilə finləri yendiyimiz matç. Ardınca vikinqlərlə Lənkəranda qarşılaşdıq. Təəssüf ki, həmin matçda seçməmiz 1:2 hesabı ilə uduzdu. Bu oyunun bizlər üçün ayrıcalığı ondan ibarət idi ki, qarşılaşma Bakıda yox, həmin vaxt izdihamı, ajiotajı ilə seçilən Lənkəran şəhər stadionunda keçirilirdi. Bu görüşdə də yaxşı təsir bağışladıq. Ancaq nə edəsən, nəticə bizdən yana olmadı. Elvin Məmmədovun vurduğu qol əldə-ovucda qalan oldu. Bundan əlavə klublarımızın da fin komandaları ilə qarşılaşmışlığı az deyil.

Xülasə, bu dəfə "Neftçi" Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində HİK-lə qarşılaşmaq üçün Helsinkiyə yol alırdı. Elə "ağ-qaralar"ın çarter reysi ilə bizlər də Finlandiya paytaxtına uçduq. Səfər zamanı baş qatmaq üçün həmkarlarla intellektual oyunlar oynadıq. Oynaya-oynaya, deyə-gülə artıq buludların arasından 8 mindən çox gölün ərazisinə düşdüyü Finlandiyanı və Baltik dənizini seyr etməyə başladıq. Həmin mənzərənin şəklini çəkməsəydim günah olardı.

9c723bdc bfdd 47f7 9f6d 40f84a0319c8 copy

Təyyarəmiz yerli vaxtla təxminən saat 15:00-da Helsinki-Vantaa hava limanına eniş etdi. Yük çantalarımızı götürüb qalacağımız otelə yollandıq. Yol gələ-gələ elə yolda gördüyüm səliqə-səhman, mədəniyyət məni valeh etdi. Bütün maşınlar eyni sürətlə hərəkət edir, kimsə "obqon"a keçmir və s. Bir də mənə maraqlı gələn məqamlardan biri bütün avtomobillərin günün gündüz çağında işıqla hərəkət etməsi oldu. Helsinkidəki yaşıllığa baxıb dərindən "ah" çəkə-çəkə gedirdik. Vaxtilə Bakımızda da belə yaşıllığımız, bol oksigenimiz vardı. İndi bozarmış Bakı hara, yamyaşıl Helsinki hara...

Tipik Avropa şəhəri, Avropa mədəniyyəti. Helsinkinin arxitekturası bizi valeh etməyə bilməz. Şəhərin monumentallığı bir başqa aləmdir. Bizim üçün ayrılmış avtobusla gedə-gedə hərəmiz əldə telefon füsünkarlığı lentə alırıq. Ara küçəyə daxil oluruq, bura qalacağımız otelin ünvanıdır. Məkanın adı "Arthur" oteldir. Həmkarlarla zarafatla "bu üzdəniraqlar Helsinkiyə də gəlib çıxdılar?", - deyə qəhqəhə çəkirik. Bildiniz, kimləri nəzərdə tutdum.

Otelə daxil oluruq. Birinci diqqətimi liftlər çəkdi. İlk andaca duruxdum. Liftin iki qapısı var. Birincini özün açdıqdan sonra içəri daxil olursan, sonra liftin ikinci qapısı bağlanır və hərəkət edir. Hər otağa iki nəfər ayrılırıq. Həmkarımla otağa yerləşib yüklərimizi yerbəyer etdikdən sonra günorta yeməyinə çağrılırıq. Əgər Finlandiyada, Baltik dənizinin sahilindəsənsə mütləq balıq dadmalısan. Elə belə də olur. Bizə balıq və yanında çərəzlər təqdim olunur.

aec7014e f416 4cb8 99aa 7b4166efdb26

"Obed"imizi etdikdən sonra qərara gəlirik ki, vaxtdan səmərəli istifadə edib şəhərdə gəzinək. Helsinki vaxtı ilə saat 19:00-da "Bolt Arena"da "Neftçi"nin oyunöncəsi mətbuat konfransı var. Bu barədə də ətraflı bəhs edəcəm. Yeri gəlmişkən, Finlandiya ilə Azərbaycan arasındakı zaman qurşağında 1 saatlıq fərq var. Sözügedən ölkə bizdən bir saat geri qalır.

Finlandiyanın ənənəvi soyuq havası ilə yaxından tanış oluruq. Bakıda avqust ayında istidən "bişən" biri üçün sərin hava tapıntıdır. Ancaq bir yerə qədər. Əynimizi nazik geyindiyimizdən üşüməyə başlayırıq. Bizə baxmayın, Xəzərin sərin mehi hara, Baltik dənizinin buz kimi küləyi hara. Qiymətlərdən isə danışmasam yaxşıdır. Bir qutu siqaret ən aşağısı bizim pulla 20 manatdır. Adamın heyfi gəlir xərcləməyə. Əbəs yerə Helsinki dünyanın ən bahalı şəhərləri arasında deyil.Şəhərin hər addımı foto çəkdirmək üçün idealdır. Bir neçə yerdə şəkil çəkdirdikdən sonra həmkarımla üzü limana yol alırıq. Helsinkidə xeylaq port var. Bizə yaxın olanına doğru gedirik. Qələbəlik var. Turistlərin sayı-hesabı yoxdur. "İynə atsan yerə düşməz" deyimi burada yerinə düşər. Hə, onu da bildirim ki, ərəblər buranı da "zəbt edib". Hara baxırsan, əmmaməli ərəblər. Elə burada telefonumuzun kamerasını işə salırıq.

a1d0f6cb b12a 4eff 9fa7 0a6f7a10b73f

Xeyli foto çəkdirdikdən, telefonun enerjisini "öldürdükdən" sonra otelə qayıdırıq. Saat 18:00-da artıq mətbuat konfransının və açıq məşqin keçiriləcəyi "Bolt Arena"ya yollanırıq. Bir az əvvəl yuxarıda bəhs etdiyim məqamdan danışım. İlk olaraq bizi stadiona buraxmaq istəmədilər. "Neftçi" rəsmilərinin xeyli çək-çevirindən sonra arenaya daxil oluruq. Finlərin menyusu qəribədir. Açıq havada mətbuat konfransı. Hamımız da hazır gəlmişik ki, kompyuterlərimizi rahat masamıza qoyub konfransı işıqlandıraq. Sən demə, bu bizim saydığımızdır, finlər başqa şey sayır. Tribunalarda mətbuat konfransına hazırlaşırıq. "Vəziyyəti qururuq". Hərəmiz bir stol, oturacaq götürüb "konfrans zalı" yaradırıq.

a32d4272 17c8 4bb8 ae9b d3fdd1891028

Nə desək də, yazsaq da budur. Dodağımızda kinayəli təbəssümlə işimizi görürük. "Flaqman"ın baş məşqçisi Samir Abasov və futbolçu Sezar Meza Kollinin iştirakı ilə konfrans baş tutur. Yazırıq, pozuruq, yenidən qaldığımız otelə yollanırırıq.

12 avqust, oyun günü...

Bir "zərbə" də alırıq. Oyunu işıqlandırmaq üçün Finlayndiyaya ezam olunan jurnalistlər media tribunasına buraxılmır. Bu finlər təzə qayda icad edib ya..?

Əstəğfürullah, biz nə üçün gəlmişdik? Finlər "iki ayağını bir başmağa dirəyir" və bizi media tribunasına buraxmır. Nəticədə, "Neftçi" jurnalistlər üçün azarkeşlərin əyləşdiyi tribunaya bilet alır. Nə isə, əsas odur ki, "Neftçi"nin işi "yağ kimi" getsin. Harada oturmağımızın fərqi yoxdur...

Görüşün başlamasına təxminən 40 dəqiqə qalmış stadionun önünə toplaşan azsaylı həmyerlilərimizi görürük. Onların arasında İsveçdəki səfirimiz Zaur Əhmədov və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə kuratoru Ülviyyə Cabbarova da var. Bayraqlarımızla "Neftçi"yə dəstəyə gələn soydaşlarımız da arzuolunmaz halla üzləşir. Stadionun mühafizə xidməti 50-yə yaxın azərbaycanlını tribunalara buraxmır. Həmyerlilərimiz bir müddət gözlədikdən sonra arenaya daxil ola bildilər.

ce3b2dd1 d969 41b5 a889 8ff37c2f5d69

Oyun başladı. İlk dəqiqələrdə HİK "yükləndi". Təhlükəli epizodlar yaradan vikinqlər fərqlənməyi də bacardı, ancaq hakim əllə oyuna görə qolu qeydə almadı. Cinahlarda hər top itkisi "flaqman"ın qapısı qarşısında təhlükə yaradırdı. Bunun ardınca yavaş-yavaş təşəbbüsü ələ alan "Neftçi" sürətli hücumlar qurmağa başladı. Onsuz da forvard baxımından problemi olan komandada Mirabdulla Abbasovun ləng oyunu hücumları "qırırdı". Ancaq ilk hissə "Neftçi"nin üstünlüyü ilə keçdi. Samir Abasov da oyunsonrası mətbuat konfransında Bakıdakı ilk yarı ilə Helsinkidəkini müqayisə etdi və Finlandiyada daha yaxşı təsir bağışladıqlarını dedi. Elə nə oldusa da, qaldı birinci hissədə. Rəqib ikinci yarıya başlayar-başlamaz Riski hesabı açdı. Stadion da demək olar ki, ağızbaağız doludur. Fin azarkeşlərin uğultusu qulaq batırırdı. 58-ci dəqiqədə də Mamadu Mboc "səhnəyə çıxdı". Seneqallı müdafiəçi ani vəziyyətdə penaltiyə səbəb oldu. İkinci qoldan sonra artıq stadiona toplaşan azsaylı həmyerlilərimiz tam ümidsizliyə qapılmışdı. Əslində içimizdə Bakıdakı hesabın təkrarlanması hissi vardı. O da olmadı. HİK 90-cı dəqiqədə "nöqtə"ni qoydu. Bakıda 2:2, Helsinkidə 3:0... Təəssüfləndik, üzüldük, ancaq nə varsa tablodadır. Dəyişmək mümkündürmü?

Kor-peşman yenə "mətbuat konfransı zalı"na gəldik. Masaları birləşdirib, stulları qoyub Abasovu gözlədik. Konfrans baş tutdu. Sual verdik, 43 yaşlı mütəxəssis də cavabladı. Fikirlərində "olan oldu, keçdi" teoremini isbat edən Abasov qarşıdakı oyunlara (oxu: Konfrans Liqasında "Makkabi"(Hayfa), Azərbaycan Premyer Liqasının yeni mövsümü) köklənəcəklərini bildirdi.

Biz də yığışıb son dəfə "Arthur" otelə qayıtdıq. Axşam yeməyini yedikdən sonra pasportlarımızı, çantalarımızı götürüb hava limanına getdik. Elə gecə 1-də də yol aldıq paytaxtımıza. 4 saatlıq uçuşsonrası Bakıya eniş endik. Yorğunluq pik həddədir. Baqajı götürər-götürməz taksiyə əyləşib qayıtdım Xırdalana.

Məişət dilində bir deyim var, "Elə olsun ki, bir də gələsən". Bax, Finlandiya, Helsinki elə yerlərdəndir. Getməyə, görməyə dəyər. Bu keçən iki gündə "Neftçi"yə, azərbaycanlı jurnalistlərə, oyuna baxmağa gələn azsaylı həmyerlimizə edilən hörmətsizlikləri bir kənara qoysaq, Baltik dənizinin sahilinə baş çəkməyi şiddətlə tövsiyə edərdim.

Daşqın Əziz, Bakı-Helsinki-Bakı

0c0460d9 1339 47c2 ac28 b423c252561f

02480c14 6c65 4691 857f 671cb3c641b3

06b88d41 225d 46eb 92ef dcd435c1336a

87afb631 b997 429a b84e fa97944bd2d9