Afina – tarix həvəskarları üçün Avropanın gəzməli-görməli yerlərindən biri, bəlkə də birincisi.

Abidə və muzeylər o qədər çoxluq təşkil edir ki, onlara baş çəkib Ege dənizinin olduqca duzlu, amma kifayət qədər təmiz suyunda islanmaq üçün bir həftə yetərli deyi. Belə deyim, Yunanıstanın paytaxtına bir neçə günlük səfər etmisənsə, iki variantdan birini seçməlisən: ya tarixə səyahət etməli, ya da şəhəri gəzib-dolaşmalı, dənizin sahilində istirahət etməlisən.

Afina 3-5 kəlimə ilə

Afinanın adı orta məktəb dönəmindən ağlımızada Akropolis, Parthenon, Plaka, Sintaqama meydanı, Panathinaiko stadionu kimi tarixi yerlərlə həkk olunub deyə, bu şəhərə baş çəkməyənlər Yunanıstan paytaxtının ancaq və ancaq daşlardan və sınıq-sökük binalardan ibarət olduğunu zənn edə bilər. Amma yox. Afina özündə keçmişlə müasirliyin vəhdətini yaradıb. İstər yolları olsun, istər binaları, restoranları, insanların geyimi, bir sözlə, atdığın hər addımda 21-ci əsrin bu ölkədə sürətlə “hərəkət etdiyini” görə və duya bilirsən. Şəhərdə turist əlindən tərpənmək olmur. Xüsusən də Akropolisin həndəvərində. Elə dərisini dəniz kənarında qaraltmaq istəyənlərin böyük əksəriyyəti də bu şəhərin qonaqlarıdır.

123

 

“Olimpiakos” – bizdəki “Qarabağ”

Afinada keçirdiyim 3 günlə bağlı hər gördüyümü yazmalı olsam, həm yazını sona qədər oxumağa həvəsiniz qalmayacaq, həm də futbolla bağlı etdiyim səfərdə bu oyuna xəyanət etmiş olacağam. Odur ki, Yunanıstan futbolu, “Olimpiakos” və “Neftçi”nin oyunundakı maraqlı məqamları nəql etmək yerinə düşər.

Yunanıstan çempionatındakı hazırkı durum Azərbaycan futbolundakı son illəri xatırladır. Bizdə bu ilə qədər “Qarabağ”ın əlindən çempionluğu alan tapılmırdısa, onlarda digər komandaların azarkeşlərinə bu acını “Olimpiakos” yaşatmaqdadır. Klubun milyarder sahibi – onun haqqında ayrıca bəhs edəcəyəm – “qırmızı-ağlar”a böyük büdcə ayırıb. Kağız üzərində necədir bilmirəm, amma komandanın sadiq azarkeşlərindən biri ilə söhbətdə Evangelos Marinakisin “Olimpiakos”a ildə 100 milyon avro xərcləmək iqtidarında olduğunu öyrəndim. Elə bu səbəbdən “Panatinaikos”, PAOK, “Aris” və AEK kimi tanınmış yerli komandalar bu rəqibi ilə bacara bilmir. Milyarder Marinakisin pulları komandanı ölkənin məğlubedilməz armadası edib: 46 çempionluq, 28 ölkə kuboku. Yerli çempionatdan yığmaya cəlb olunan milli üzvlərinin demək olar hamısı “Olimpiakos”dandır. Elə buna görə də təkcə klubun təmsil etdiyi Pireydə yox, hətta digər şəhərlərdə doğulan uşaqlar da gələcəkdə ağ-qırmızı rənglərə könül verməyi hədəfləyir.

Безымянный copy copy

 

Milyarder prezident

Marinakis demişkən, Yunanıstanda bu adamın başına and içirlər. 53 yaşlı iş adamı Pirey Bələdiyəsinin rəhbəri olmaqla yanaşı, klub sahibi və məşhur biznesmendir. Dənizlərdə özünə məxsus 150-yə yaxın gəmi üzür. Televiziya kanalı və tikinti şirkəti var. Eyni zamanda imkansızlara, ona ağız açanlara səxavət göstərir. Amma “Olimpiakos”un göz oxşayan stadionunun tikilməsində, klubun uşaq futbolu və infrastrukturunun yaradılmasında əziyyəti George Koskotas çəkib. O da pullu kişilərdən olub. Sadəcə, azarkeşlərlə yola getmirmiş və günlərin birində klub prezidentliyindən getməyi qərara alıb. Belədə Marinakis səhmlərə sahib çıxaraq, “Olimpiakos”un sahibinə çevrilib.

“Olimpiakos” – “Neftçi” qarşılaşmasından əvvəl bilirsiniz nə oldu? Matçdan təxminən 1 saat əvvəl meydan boş idi, azarkeşlər isə tribunalardakı yerini tuturdu. Bu an fişənglər atıldı, aramsız alqış sədaları eşidildi və Marinakisin soyadı səsləndirildi. Və bu an prezident meydana ayaq basdı. Fanatlar onu ayaqüstə, o isə fanatları alqışlayıb, əlini özündən xeyli qabaqda gedən qarnına qoyub ətrafı seyr etdi. Qısası, başına and içirlər.

IMG 8410

Qələbənin dadını çıxara bilmədilər

Oyundan əvvəl təkcə yerli azarkeşlər yox, elə azərbaycanlı futbolsevərlər də meydan sahibi komandanın asan qələbə qazanacağını zənn edir, “Neftçi”nin böyük hesabla məğlub olacağını düşünürdü. Lakin matçın gedişatı Azərbaycan təmsilçisinin asan təslim olmayacağından xəbər verirdi ki, yekunda yunanlar 1:0 hesablı qələbəyə sevindi. Buna sevinmək demək olarsa.

Matç başa çatandan sonra həmkarlarımızın, klub rəsmilərinin, elə stadion işçilərinin çöhrəsindəki üzüntünü görməmək mümkün deyildi. “Olimpiakos”un cütün taleyini Pireydə həll edə bilməməsi, insanlarda müəyyən narahatlıq yaratmışdı. Düzdür, fanatlar oyun qurtaran kimi futbolçuları alqışlamaqla yadda qaldılar. Lakin bu, təşəkkür alqışından çox vəzifə borcuna oxşayırdı. Elə bizi oteldən stadiona gətirən “Olimpiakos” azarkeşi olan avtobus sürücüsünün işlərinin çətin olacağını deməsini acı etiraf kimi qələmə vermək olar.

IMG 8495

Abasovu "söhbətə" çağıran azarkeş

Açığı, “Neftçi”nin düşərgəsində nələrin yaşandığını və ab-havanın necəliyini görə bilmədik. Oyun başa çatan kimi biz mətbuat konfransına yollandıq, futbolçular isə tələsik otelə. Amma Samir Abasovun inamlı çıxışlarını və özünə hədsiz əminliyini “Olimpiakos”un Bakıda məğlub olacağına dair mesaj saymaq olar.

Abasovdan söz düşmüşkən, bəlkə də mavi ekran qarşısında əyləşənlərin oyundankənar epizodları görmək imkanı olmayıb. Bildirim ki, Samir bəy texniki zonada boks rinqinə qalxmağa hazırlaşan idmançını xatırladırdı. Duruşu və çılğınlığı ilə hakimlərin qəzəbinə tuş gələn gənc mütəxəssis çox keçmədən texniki zonanın arxasındakı fanatlarla da “atışmalı” oldu. Hətta cüssəli fanatlardan birinin əl işarəsi ilə “oyundan sonra bayırda görüşərik” jesti diqqətimizdən yayınmadı.

Mert Çelik meydandan qovulan anda isə “Neftçi”nin baş məşqçisinin sözü rəqib həmkarları ilə çəp gəldi. Bu dəfə uzaqdan-uzağa “atışma” izlədik, amma Abasov əsəblərinə vaxtında hakim olub geri çəkilməklə baş verə biləcək insidentin qarşısını vaxtında elə özü aldı.

Ümid də var, şans da

İlk dəfə baş çəkdiyim ölkə haqqında kifayət qədər məlumatlar “oğurlamaqla” cüzi hissəsini siz oxucularla paylaşmağa çalışdım. İndiyə qədər olduğum səfərlərin arasında bəlkə də ən maraqlısı və yaddaqalanı idi. Ən yaddaqalanı isə iyulun 28-də olmalıdır. “Neftçi” növbəti mərhələni də adlamaqla həm klub, həm də Azərbaycan futbolu adına böyük töhfə vermiş olacaq. Ən azı buna inanır və ümid edirik...

HƏBİB, Afina-Pirey-Bakı