"Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini iki eynihesablı qələbə ilə keçdi.

"Ağ-qaralar" Tbilisi "Dinamo"su ilə həm Gürcüstan, həm də ölkəmizdəki matçlarda 2:1 hesablı qələbəyə sevindi. Əla nəticədir. Bu qələbələrin sayəsində UEFA-nın reytinqində Azərbaycanın aktivinə 0,500 xal da yazıldı.

Nəticə olaraq əladır, ancaq...

Oyun nəticəyə görə idimi? Baş məşqçi Samir Abasovun mətbuat konfransında dəfələrlə "Əsas istəyimiz nəticə idi, buna da nail olduq" sözləri oyunun aşağı səviyyədə olmasının təzahürüdür. Nöqsanlar kifayət qədərdir. "Flaqman"ın Tbilisidəki səhvlərdən nəticə çıxaracağını düşünsək də, Bakıda da eyni halətə şahidlik etdik. Bir sözlə, bu qələbələr "Neftçi"yə heç də asan başa gəlmədi. Gürcülərin müdafiə xəttində ustalıq səviyyəsi aşağı olan futbolçuların yer alması lehimizə işlədi. Burada xeyrimizə olan bəxt amilini də qabarda bilərik.

Müdafiədəki səhvlər...

"Ağ-qaralar"ın müdafiəsi dünən bulanıq rəngdə idi. Acı təzahürünü də 50-ci dəqiqədə gördük. Topu rahatlıqla qapı qarşısından uzaqlaşdırmaq iqdidarında olan Mboc "təntiyərək" rəqibə qol vurmaq üçün əla şans yaratdı. Qola acmış gürcülər də fürsətdən maksimum yararlandı. Ümumən, müdafiənin belə zəif çıxış etməsində orta xəttin də "rolu" olmamış deyil. Ayrı-ayrı epizodlarla danışsaq, arxa xəttdə nöqsanlara yol verən təkcə Mamadu deyildi. Mert Çeliklə Ömər Buludovun “ifasında” rəqibin xeyrinə işləyən səhvlər diqqətdən qaçmırdı. Stankoviç xaric, arxa xəttin digər üzvləri Çempionlar Liqasında olduqca narahat və inamsız görünür.

...yarımmüdafiəçilərin “ağırlığına” görə sıralanır

Buqrin, Meza Kolli, Eminin simasında orta xətt oyunçularının top almaq qabiliyyətinin aşağı səviyyədə olması müdafiənin üzərinə böyük yük qoyur, təzyiq altında saxlayırdı. Topla rəftarı sevən bu “üçlüy”ün “qara iş” görmək bacarığı yox dərəcəsindədir. Sezarın komandaya tam uyğunlaşmadığı göz qabağındadırsa, usta Buqrin zaman-zaman top itirməklə yadda qalıb, onu geri qaytarmaqda çətinlik çəkir. Kapitan Mahmudov onlara nisbətən daha “diri” görünür. Amma dağıdıcılıq bacarığı yaradıcılığının yanında “əziyyət” çəkir. Belədə rəqibdən top almaq yükü Mamadu Kanenin üzərinə düşür ki, o da tək çatdırmır. Qısası, yarımmüdafiəçilərin işgüzarlıq baxımından axsamasının əziyyətini müdafiəçilər çəkməli olur.

Həyəcan, həyəcan, həyəcan...

Samir Abasov bu hisslərə niyə qalib gələ bilmir? Olmaya, həyəcanla bağlı komandaya "həyəcan siqnalı" verib?

Gürcüstanda da bu söz işlədildi, Bakıda da. Rəqib "Barselona" və ya "Real" deyildi, yerli çempionatı bizimkindən çox-çox geri qalan Gürcüstan çempionuydu. Yeganə üstünlükləri ölkələrində çempionatın davam etməsidir. Əgər "Neftçi" bu qədər səhvlərlə gürcüləri keçdisə, demək o həyəcan olmasaydı böyükhesablı qələbələrə, daha rahat mərhələ adlamasına şahidlik edə bilərdik. Necə ki, illər əvvəl "Zestafoni" və “Çixura” səddini keçmişdi.

Abasovun yersiz narahatlığı

Bu gün Samir Abasov həyəcanını basdırmalı, "ərköyün uşaq" xarakterindən əl çəkməli və komandanı daha böyük uğurlara səsləməlidir. Uzun illər yaşıl meydanlarda top qovan Abasov futbolçular üçün motivasiya anlayışının nə olduğunu çox gözəl bilir. Bunu ən yaxşı o edə bilər. Komandada bütün işlərin qaydasında olduğuna inandırmalı, olduqca çətin Yunanıstan səfərində oyunçulara ruh yüksəkliyi verməlidir. Təbii ki, iş təkcə motivasiya ilə bitmir. Transferlər də lazımdır. Ki, Abasov yeni futbolçuların da sərəncamında olacağını bildirib. "Neftçi"nin "yaralı yeri" olan müdafiə xəttinə...

Yaxşısına ümid edək

"Olimpiakos" səhvləri bağışlamır. 43 yaşlı mütəxəssis bu məsələdə də qeyri-müəyyənlik nümayiş etdirib. "Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz", - deyə fikirlərini ifadə edən Abasov bu sözlərlə sanki özünü sığortalayıb. "Neftçi" "yunan səddi"ni aşa bilməsə belə, avrokubok macərası bitməyəcək. Qarşıda "flaqman"ı Avropa Liqasının 3-cü təsnifat mərhələsi və ən azından Konfrans Liqasının pley-offu gözləyir. Daha 3 rəqib və 6 oyun.

Yenə də...

Ümid edirik ki, "Neftçi" "Olimpiakos"la matçda səhvlərdən nəticə çıxaracaq və layiqli mübarizə ilə və qələbə ilə azarkeşlərini sevindirəcək...

Daşqın Əziz