Azərbaycan kubokunun final görüşü çərçivəsində “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” növbəti dəfə kubokun qalibi adını qazandı. “Keşlə” kuboku daha çox istəyirdi və həmin istək “qırmızılar”ı hədəfə çatdırdı. Bu münasibətlə başda klub rəhbərliyi olmaqla, məşqçi və futbolçu heyətini təbrik edir, Konfrans Liqasında uğurlar arzulayırıq.

Keçək məsələnin əsas tərəfinə - mayın 24-dən 25-nə keçən gecə təşkil olunan məclisə. Klubun Müşahidə Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti, bir sözlə, çoxlarının yaxşı tanıdığı Zaur Axundovun da yer aldığı şəkillər saytların, sosial şəbəkələrin “bəzəyinə” çevrildi.

Kubok qazanılıbsa, bayramdır, xüsusi gündür, buna söz yox. 

Amma Axundov kimi adam ölkədə sərtləşdirilmiş karantin rejiminin qayda və qadağalarından mütləq ki xəbərdardır. Belə olduğu halda bir dəstə adamı başına yığıb, qapalı məkanda sosial məsafə qaydalarına əməl etmədən, həm də gecə saatlarına qədər çal-çağırlı məclis təşkil etməsinin heç bir məntiqi izahı yoxdur.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, ad günü şənlikləri təşkil edə bilməyən, gecə saat 12-dən sonra kafe-restoranlarda dincələ bilməyən sıravi vətəndaşlara hörmətsizlikdir. Bu, dövlətin qoyduğu qanunlara arxa çevirməkdir. Bu, heç kimi vecə almamaqdır, sayğısızlıqdır.

Ümid edək ki, Daxili İşlər Nazirliyi, eləcə də Operativ Qərargah məsələ ilə bağlı araşdırma aparıb, karantin qaydalarını kobud şəkildə pozanlara qarşı lazımi ölçü götürəcək.