Premyer Liqanın növbəti mövsümündə çempionatda “Kəpəz” adlı komanda olmayacaq. Səbəb həmişəkidir: klubun AFFA-ya maliyyə təminatı verməyə imkanı yoxdur. Maliyyə təminatı dediyimiz bank zəmanətidir. Bank zəəmanəti dediyimiz puldur.

Ərazisinə görə ölkənin ikinci, əhalisinə görə üçüncü ən böyük şəhəri olan o böyüklükdə Nizami yurdunda “Kəpəz”i saxlamağa pul tapılmaması rəzalətdir. Başqa adı yoxdur. Varsa da belə, daha betərdir. Necə yəni pul yoxdur?

Dövlət tərəfindən idmanın inkişafı, yerli infrastrukturun yaxşılaşdırılması üçün Gəncə şəhər İcra Hakimiyyətinə, həmçinin Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə nə qədər vəsait ayrılması ilə bağlı araşdırma aparmağa vaxtımız olacaq. Mütləq ki, futbolun inkişafına dəstək verən cənab Prezident İlham Əliyev Gəncədə idmanın, həm də futbolun inkişafı üçün hansısa vəsaitin ayrılmasına göstəriş verib. Ən pis halda müharibədən sonrakı ərazini xatırladan Gəncə şəhər stadionunun yenilənməsi yönündə hansısa addımların atılması nəzərdə tutulub. Hanı?

Lap deyək ki, icra nümayəndəliyi, idman idarəsi kimi qurumlar səhlənkarlıq edir, başları idmana yox, şəxsi mənafelərini yaxşılaşdırmağa qarışıb. Hanı gözəl şəhərin ürəyi futbolla döyünən imkanlı oğlanları? Maşınlarına“20” ilə başlayıb, “002”, “20”, “200” ilə bitən dövlət nömrə nişanlarını bərkidən, şəhərin mərkəzində və ətrafında dəbdəbəli restoranlar, otellər, istirahət mərkəzləri tikdirən, şərab və avtomobil zavodu, aliminimum kompleksi işlədən, Rusiyada “100-lük” dollar bağlamalarına pul deməyən gəncəli balaları niyə sinələrini qabağa vermək istəmir?

AFFA-nın Azərbaycanın bütün bölgələrindəki klublara pul xərcləmək kimi öhdəliyi yoxdur. Kefləri kimə istəyir, onlara da pul ayırırlar. Ona görə də assosiasiyanın yaxasından yapışmaq olmur. İndi belədir deyə, Gəncə illərlə, əsrlərlə futbolsuz qalmalıdır? Əsla!

İcra nümayəndəliyi, idman idarəsi, şəhərin imkanlı şəxsləri, birləşin. Birləşin ki, “Kəpəz”ə dəstək olasınız. Dəstək olun ki, yeni mahmudlar, vidadilər, yunislər, xaliqlər, fazillər çıxsın. O gözəllikdə Gəncənin futbolunun torpağa gömülməsinə imkan verməyin. Ortaya samballı komanda çıxarıb, “Neftçi”yə “Qarabağ”a boy verin, əzələ nümayiş etdirin. İstəsəniz, bacararsınız!

HƏBİB